Gürcüstan ABŞ-dən 12,3 min dollara avtomobil alır, Azərbaycana 26,8 min dollara satır


Bu ilin yanvar-sentyabr aylarında Gürcüstanın ən çox ixrac edilən məhsullar siyahısında avtomobillər birinci yerdə qərarlaşıb.
Yeniavaz.com
Gürcüstan Statistika Xidmətinin məlumatlarına istinadən xəbər verir ki, yanvar-sentyabr ayları ərzində Gürcüstan xarici ölkələrə 2 milyard 3,9 milyon dollar dəyərində 82 min 527 avtomobil ixrac edib və bu, ölkənin ümumi ixracının 38,9%-ni təşkil edib.
Gürcüstanın ixrac etdiyi bir ədəd avtomobilin orta gömrük dəyəri 24 min 280 dollar olub.
Qeyd edək ki, Gürcüstanın satdığı avtomobillər bu ölkəyə əsasən ABŞ-dən gətirilir. Bu ilin ilk 9 ayında ABŞ-dən Gürcüstana 1 milyard 681,5 milyon dollar dəyərində 136 min 772 ədəd (bir ədədi 12 min 294 dollar) avtomobil idxal olunub.
Açıqlanan məlumatda bildirilir ki, Gürcüstan bu ilin yanvar-sentyabr aylarında Azərbaycana 170,5 milyon dollar dəyərində 6 min 367 avtomobil (bir ədədi 26 min 780 dollar) ixrac edib.
Ötən ilin eyni dövrü ilə müqayisədə Gürcüstandan Azərbaycana avtomobil ixracı dəyər baxımından 24%, miqdar baxımından isə 38% azalıb. Kəskin azalmaya baxmayaraq, bu il Azərbaycan Gürcüstandan ən çox avtomobil idxal edən ölkələr arasında üçüncü yerdə qərarlaşıb.
Gürcüstandan ən çox avtomobil idxal edən ölkələr Qırğızıstan və Qazaxıstan olub. Bu ilin ilk 9 ayında Gürcüstan Qırğızıstana 1 milyard dollar dəyərində 31 min 371 ədəd (bir ədədi 31 min 876 dollar), Qazaxıstana isə 567 milyon dollar dəyərində 33 min 375 ədəd (bir ədədi 17 min dollar) avtomobil satıb.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top