İşğaldan azad olunan rayonlardakı evlərin heç birinə “kupça” verilməyib?


Bu ilin ilk 9 ayı ərzində Azərbaycanda ümumi sahəsi 3 milyon 174 min 379,6 kv. metr olan 24 min 478 yaşayış evi istifadəyə verilib.
Yeniavaz.com
açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, istifadəyə verilən yaşayış evlərinin 38,4%-i və ya 1 milyon 220 min 325,6 kv. metri paytaxt Bakının payına düşüb.
Qeyd edək ki, bu ilin ilk 9 ayında Azərbaycanın 10 şəhər və rayonunda 1 kv. metr də olsun yaşayış evi istifadəyə verilməyib. Yaşayış evlərinin istifadəyə verilmədiyi şəhər və rayonların hamısı işğaldan azad olunan ərazilərdə yerləşir. Belə ki, bu ilin ilk 9 ayında Ağdərə, Xocalı, Şuşa, Xocavənd, Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilan rayonlarında və Xankəndi şəhərində 1 kv. metr də olsun yaşayış evi istifadəyə verilməyib.
Məlumat üçün bildirək ki, təkcə bu ilin ilk 9 ayında deyil, əvvəlki illərdə də işğaldan azad olunan şəhər və rayonlarda yaşayış evləri istifadəyə verilməyib.
Onu da qeyd edək ki, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nda əksini tapan tədbirlər planına əsasən, 2022-2026-cı illərdə Ağdam, Füzuli, Şuşa, Xocavənd, Zəngilan, Kəlbəcər, Laçın, Qubadlı, Cəbrayıl, Tərtər və Xocalı rayonlarında ümumilkdə 34 min 500 mənzil və fərdi yaşayış evinin inşa olunması nəzərdə tutulur. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin məlumatına görə, 1 oktyabr 2025-ci il tarixədək işğaldan azad edilən ərazilərin bərpa olunan yaşayış məntəqələrinə 19 min 109 nəfərdən ibarət 4 min 826 ailənin qayıdışı təmin edilib.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top