Varlı ölkələr həm də borclu ölkələrdir...


Hazırda dünyada ən çox xarici borcu olan ölkələrin başında dünyanın ən iri iqtisadiyyatına malik dövlətlər gəlir.
Yeniavaz.com
Beynəlxalq Valyuta Fondu və Dünya Bankı kimi nüfuzlu beynəlxalq təşkilatların məlumatlarına istinadən xəbər verir ki, dövlət borcunun Ümumi Daxili Məhsula (ÜDM) olan nisbətinə görə ikinci sırada dünyanın ən inkişaf etmiş və zəngin ölkələrindən biri – Yaponiya dayanır.
Yaponiyanın dövlət borcu ÜDM-in 236,7%-inə bərabərdir. Bu da onu dünyada ən borclu ikinci ölkə statusuna gətirib çıxarır.
Üçüncü yerdəki Sinqapurda isə borcun ÜDM-yə nisbəti 173,1% təşkil edir. Eyni zamanda Yunanıstan (153,6%) və İtaliya (135,3%) kimi ölkələr də dövlət borcunun iqtisadiyyatın həcmini üstələdiyi ölkələr arasında yer alır.
ABŞ-də də vəziyyət oxşardır. 29,2 trilyon dollarlıq ÜDM-ə malik bu ölkənin borcu bundan 24,3 faiz çoxdur. Yəni, ABŞ-nin dövlət borcu ÜDM-nin 124,3%-ni təşkil edir. Oxşar hal Avropa ölkələrində də müşahidə olunur. Məsələn İspaniyada xarici borc ÜDM-in 101,8%-nə, Fransada 113%-nə, Kanadanın xarici borcu isə ÜDM-in 110,8%-nə bərabərdir. Böyük Britaniya kimi iqtisadiyyatı güclü dövlətlər də yüksək borc yükü ilə üzləşiblər. Belə ki, Britaniyada xarici borc ÜDM-in 95,9%-ni təşkil edir.
Dövlət borcunun ÜDM-ə nisbətinin aşağı olduğu ölkələrin çoxu nisbətən az inkişaf etmiş və iqtisadi baxımdan zəif sayılan ölkələrdir. Məsələn, Əfqanıstanın borcu onun ÜDM-inin cəmi 8,3 faizini təşkil edir.
Azərbaycanın göstəricilərinə gəlincə, Maliyyə Nazirliyinin yaydığı məlumata əsasən, 2025-ci ilin ilk yarısında dövlət borcu 25 milyard 695,6 milyon manat olub. Bu, ölkənin ÜDM-inin (təxminən 131 milyard manat) 19,6%-nə bərabərdir.
Qonşu ölkələrdə – Gürcüstanda borc/ÜDM nisbəti 36,1%, Ermənistanda 50,3%, Qazaxıstanda 23,7%, Türkiyədə 24,7% təşkil edir. Yalnız Rusiya  16,4%-lə daha aşağı borc göstəricisinə sahibdir.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top