
Şəki Şəhər İcra Hakimiyyəti Böyük Dəhnə kəndində yerləşən 2 saylı tam orta məktəbin yeni korpusunun tikintisinə icazə verib.
Yeniavaz.com xəbər verir ki, İcra Hakimiyyəti yeni korpusun tikintisinə 11 iyun 2025-ci il tarixli 1 saylı sənəd əsasında icazə verib.
Açıqlanan məlumatlarda göstərilir ki, 30 dekabr 2024-cü il tarixində şəhərsalma sənədlərinə uyğunluq barədə 3-35-2/2-4293/2023 saylı, həmçinin 26 fevral 2025-ci il tarixində tikinti layihəsinə dair 391960 saylı ekspertiza rəyləri verilib.
Bildirilir ki, tikintisinə icazə verilən məktəbin tikinti sahəsi 1 109 kvadrat metr, ümumi sahəsi 3 327 kvadrat metr, mərtəbələrinin sayı isə 3 (+zirzəmi) olacaq.
Böyük Dəhnə kəndindəki 2 saylı tam orta məktəbin yeni korpusuna Dövlət Reyestri tərəfindən 18 oktyabr 2025-ci il tarixli 40427018-1-2104-009472/1025 saylı kod verilib.
Məlumat üçün onu da bildirək ki, Şəki şəhəri, Böyük Dəhnə kəndindəki 2 saylı tam orta məktəbin yeni korpusunun sifarişçisi millət vəkili Cavanşir Əyyub oğlu Feyziyevdir.
Qeyd edək ki, Böyük Dəhnə kəndindəki 2 saylı tam orta məktəb Elm və Təhsil Nazirliyinin Şəki-Zaqatala Regional Təhsil İdarəsinə tabedir.
Böyük Dəhnə kəndində yerləşən 2 saylı tam orta məktəbin 3 mərtəbədən ibarət olacaq yeni korpusunun tikintisinin hansı mənbələrdən maliyyələşəcəyi barədə sualımızı millət vəkili Cavanşir Feyziyevə ünvanlasaq da cavab ala bilmədik.
Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz