
ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, Ukraynaya kredit ayrılması üçün Rusiyanın Avropa İttifaqındakı (Aİ) dondurulmuş aktivlərindən istifadə olunması ilə bağlı aparılan müzakirələrə onun heç bir aidiyyəti yoxdur.
Yeniavaz.com “İnterfax”a istinadən xəbər verir ki, Tramp bu barədə təyyarə ilə səfəri zamanı jurnalistlərə açıqlama verib.
“Bunu Avropa İttifaqından soruşmalısınız, mən bu işə qarışmıram”, – deyə o, Aİ-nin təşəbbüsünə münasibət bildirərkən deyib.
Xatırladaq ki, Avropa Komissiyası hazırda Brüsseldəki “Euroclear” maliyyə depozitarında saxlanılan təxminən 170 milyard avroluq dondurulmuş Rusiya aktivlərindən istifadə imkanlarını nəzərdən keçirir. Bu məbləğin 140 milyard avrosunun Ukraynaya təzminat krediti formasında yönəldilməsi nəzərdə tutulur.
Belçika Baş naziri Bart De Vever isə bu təşəbbüslə bağlı narahatlığını ifadə edib. O bildirib ki, Avropa Komissiyasının planı əslində bu aktivlərin müsadirə edilməsi anlamına gəlir. De Vever belə bir addımın hüquqi nəticələrinə diqqət çəkərək, Aİ-dən ölkəsi üçün əlavə təminatlar istəyib.
Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Brüsseldə keçirilən sammitdə çıxışı zamanı Aİ liderlərinin bu planın həyata keçirilməsi üçün hələ də dəqiqləşdirilməsi vacib olan aspektləri müəyyən etdiklərini vurğulayıb.
Murad Məmmədov
Tətbiqimizi yükləyə bilərsiniz