
Rusiya ABŞ-nin "LUKOIL" və "Rosneft" neft şirkətlərinə qarşı tətbiq etdiyi yeni sanksiyaları ölkəyə qarşı qeyri-dost addım kimi qiymətləndirib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov jurnalist Pavel Zarubinə müsahibəsində bildirib.
Peskovun sözlərinə görə, ABŞ Prezidenti Trampın bəyanatlarında müxtəlif nüanslar olsa da, Moskva öz milli maraqlarını ön planda saxlamağa davam edir.
“Bizim maraqlarımıza bütün ölkələrlə, o cümlədən ABŞ ilə yaxşı münasibətlər qurmaq daxildir. Təbii ki, bu həftə atılan addımlar dostluqdan kənar addım idi”, – deyə Kreml rəsmisi qeyd edib.
O əlavə edib ki, bu addımlar Rusiya-Amerika münasibətlərinin canlanması perspektivlərinə ciddi zərbə vurub, lakin bu, Rusiyanın dialoq qurmaq niyyətindən vaz keçdiyi anlamına gəlmir.
“Biz özümüz üçün ən yaxşısını etməliyik”, – deyə Peskov bildirib.
Qeyd edək ki, bu həftə ABŞ və Avropa İttifaqı Rusiyaya qarşı yeni sanksiyalar paketini elan edib. ABŞ Maliyyə Nazirliyinin qərarına əsasən, “Rosneft” və “LUKOIL” kimi aparıcı Rusiya enerji şirkətlərinə qarşı əlavə məhdudiyyətlər tətbiq olunub. Avropa İttifaqının 19-cu sanksiya paketi çərçivəsində isə Rusiyanın mayeləşdirilmiş təbii qaz (LNG) idxalının mərhələli şəkildə dayandırılması planlaşdırılır, 116 gəmiyə sanksiya tətbiq olunub və “Rosneft”lə yanaşı “Qazprom Neft”lə əməliyyatlara qoyulmuş qadağalar daha da sərtləşdirilib.
Eyni zamanda, Avropa İttifaqının sanksiyaları Rusiya banklarını, logistika, maşınqayırma, metallurgiya və elektronika sahəsində fəaliyyət göstərən müəssisələri də əhatə edir.
Tətbiqimizi yükləyə bilərsiniz