
- Mən sözümə qulaq asan, bir dediyimi iki etməyən bir uşaq istəyirəm…
Orta yaşlı Sabir oğlu Rafiqin bu xarakterdə böyüməsini istəyirdi. Sabirin dostu Kamal isə onun bu fikirləri ilə razı deyildi:
- Məncə, bu, doğru fikir deyil. Uşaq sözə baxmaya bilər. Ancaq bu, uşağın nə özünə, nə də başqalarına ziyan verməlidir. Bir də uşaq nəyi nə vaxt istəməli olduğunu bilməlidir. Ona görə də, o özünə inanmalı, qətiyyətsiz olmamalıdır...
Kamalın bu sözləri bir anlıq otaqda səssizliyə səbəb oldu. Ancaq bu sakitliyi otağa çay gətirən Təranə pozdu. 15 yaşlı qızcığaz çayları qonaqlara paylayandan sonra Kamal onun qolundan tutub:
- Qızım, sənə bir sualım var, - dedi.
Təranə Sabirin böyük qızı idi. Onlar üç bacı, bir qardaş idilər. Ailənin böyük uşağı olduğu üçün məsuliyyətini yaxşı başa düşürdü. Hamı onu ağıllı bir qız kimi tanıyırdı...
- Təranə, qara ilə boz arasındakı fərq nədir?
Qəfil verilən sual Təranəni çaşdırdı. Əslində, belə bir sualı qonaqlar da gözləmirdilər. Sabir bir tərəfdən Kamalın qəfil sualını düşünür, bir tərəfdən də Təranənin verəcəyi cavabı gözləyirdi. Təranə bir qədər düşündükdən sonra dedi:
- Məncə, qara rəng dəqiqliyi ifadə edir. Halbuki boz rəng qara qədər dəqiq deyil. Yəni, boz rəngin çalarlarını əldə etmək mümkündür, ancaq qaranın belə çalarları yoxdur. Qara qaradır. Qara qətiyyətə, boz isə qətiyyətsizliyə işarədir.
- Təşəkkür edirəm, qızım, çox gözəl cavab verdin.
Kamal Sabirə dönərək:
- Qətiyyətli, nə etdiyini bilən, cəsarətli insanların xarakteri Təranənin izah etdiyi qara rəngə bənzəyir. Onların davranışları açıq-aşkardır. Ancaq özünə inanmayan, qətiyyətsiz, başqalarının təsiri altında qalan insanlar isə boz rəngə oxşayırlar. Yəni, belə insanlar bir gün qaraya, o biri gün boza çevrilə bilərlər. İnsanlar bu mənada qara kimi olmalıdırlar. İnsanların özlərinə inamları uşaqlıqdan formalaşır. Əgər oğlun Rafiq haqqında düşüncələrin ailədə də özünü göstərirsə, deməli, sən boz rəngə uyğun uşaq yetişdirmək istəyirsən...
Murad Məmmədov
Tətbiqimizi yükləyə bilərsiniz