“Uşaq ən az 2 gün evdə qalmalıdır” – Həkimdən valideynlərə çağırış


Payız-qış mövsümündə uşaqlar arasında soyuqdəymə, qrip, tənəffüs yolları xəstəlikləri və infeksiyalar daha çox müşahidə olunur.
Yeniavaz.com
xəbər verir ki, həkimlər mövsümi xəstəliklərə qarşı valideynləri diqqətli olmağa çağırır.
Məlumdur ki, mövsüm dəyişərkən havaların soyuması, məktəb mühitində sıx təmas uşaqların immun sistemini zəiflədir, bu da uşaqlar arasında xəstəlik riskini artırır.
Bəs valideynlər bu mövsümdə nələrə diqqət etməlidirlər?
Mövzu ilə bağlı Yeniavaz.com-a danışan həkim-pediatr Şəlalə Poluxova bildirir ki, payız-qış aylarında uşaqlarda kəskin respirator virus infeksiyalarına rast gəlinir:
“Soyuqdəymə, qrip, angina, bronxit, pnevmoniya və orta qulaq iltihabı kimi xəstəliklərə tez-tez rast gəlirik. Havaların soyuması və uşaqların daha çox qapalı mühitdə olması virusların yayılma riskini artırır. Yazda allergik xəstəliklər, yayda isə mədə-bağırsaq infeksiyaları ön plana çıxır”.
Şəlalə Poluxova deyir ki, xəstə uşağı məktəbə göndərmək çox yanlışdır:
“Əgər uşaqda qızdırma, öskürək, burun axıntısı və halsızlıq varsa, o, evdə istirahət etməlidir. Valideynlər bəzən “ayaqüstü keçsin” deyirlər, amma bu, səhv yanaşmadır. Çünki uşaq hələ tam sağalmamış, orqanizm özünə tam gəlməmiş başqa bir xəstəliyə yoluxa və ya xəstəliyin ağırlaşmasına, həmçinin digər uşaqlara yoluxmaya səbəb ola bilər. Uşaq xəstəliyin kəskin fazası keçənə qədər – ən az 2 gün evdə qalıb istirahət etməlidir”.
Həkim əlavə edir ki, uşaqlar tez-tez xəstələnirsə, valideynlər diqqətli olmalıdırlar:
“Pediatr və “çek-ap” müayinələri edilməlidir. Həmçinin qrip peyvəndi çox vacibdir. Bu peyvənd uşaqları il ərzində mövsümi qrip viruslarından qoruyur. Peyvənd olunan uşaqlar xəstəliyi ya yüngül keçirir, ya da ümumiyyətlə yoluxmurlar”.
Şəlalə Poluxovanın sözlərinə görə, immun sisteminin güclənməsi üçün ən vacib amil düzgün qidalanma və yuxu rejiminin pozulmamasıdır:
“Market yeməkləri və “abur-cubur”lar əvəzinə ev şəraitində bişirilmiş, vitaminlə zəngin qidalar verilməlidir. Mövsümə uyğun meyvə-tərəvəz və ev yeməkləri uşaqların bədən müqavimətini artırır. Eyni zamanda məktəbli uşaqlar axşam ən gec saat 9-da yatmalıdırlar. Gündə orta hesabla 9-10 saat yuxu bədənin bərpası üçün vacibdir. Uşaqlar gündəlik olaraq ən azı yarım saat açıq havada vaxt keçirməlidirlər. Fiziki aktivlik sağlamlığın möhkəmlənməsində mühüm rol oynayır”.
Ev şəraitində müalicə ilə bağlı isə həkim bunları tövsiyə edir:
“Bol maye qəbul edilməlidir – su, kompot, şorba və bitki çayları. Otaq tez-tez havalandırılmalı, hava nəmləndirilməlidir. Qızdırma 38 dərəcədən yuxarı olarsa, həkim məsləhəti ilə dərman istifadə olunmalıdır. Bir yaşdan yuxarı uşaqlarda bal, limon, isti süd və nanəli çay öskürəyə və immunitetin bərpasına kömək edir. Digər tərəfdən, otaq havası təmiz saxlanılmalı, tez-tez havalandırılmalıdır. Əgər burunda tıxanıqlıq varsa, dəniz suyu məhlulları ilə tez-tez yuyulmalıdır”.

Fəridə Əsədzadə

DİGƏR XƏBƏRLƏR

Top