
Xəbər verdiyimiz kimi, gələn il üçün Azərbaycanda yaşayış minimumu və ehtiyac meyarının 300 manat olacağı açıqlanıb.
Yeniavaz.com xəbər verir ki, hazırda Azərbaycanda yaşayış minimumu və ehtiyac meyarı 285 manat olduğu üçün artımın da 5,3% səviyyəsində olacağı gözlənilir.
Mövzu ilə bağlı Yeniavaz.com-a açıqlama verən iqtisadçı-ekspert Allahverdi Aydın bildirir ki, yaşayış minimumu və ehtiyac meyarının artımı qanunvericiliyin tələblərinə uyğun aparılmır:
““Yaşayış minimumu haqqında” Qanunun 1.0.2-ci bəndində açıq şəkildə yazılır ki, yaşayış minimumu minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial normadır. Həmin Qanunun 1.0.1-ci bəndində isə yazılır ki, minimum istehlak səbəti insanın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin elmi normalar əsasında müəyyən edilmiş toplusudur.
Qanunun tələblərindən də açıq şəkildə görülür ki, Azərbaycanda yaşayan hər hansı bir şəxsə sağlamlığını və həyat fəaliyyətini minimum səviyyədə təmin edə bilmək üçün yaşayış minimumu həddində vəsait lazımdır. Əgər bu il Azərbaycanda yaşayış minimumu 285 manat olaraq müəyyən edilibsə, bu o deməkdir ki, bir insanın həyat fəaliyyətinin minimum səviyyəsi üçün ən azı bu qədər vəsait lazımdır”.
Ekspert qeyd edir ki, bu il üçün açıqlanan sonuncu rəsmi məlumata görə, Azərbaycanda inflyasiya 5,7% səviyyəsində olub:
“Qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə inflyasiya səviyyəsi daha yüksək – 7,9% olub. Mərkəzi Bankın açıqladığı sonuncu proqnoza görə, 2025-ci ilin sonunda ölkədə 6% həddində inflyasiya gözlənilir. Bu həm də o deməkdir ki, bu il istehlak səbətinin də dəyəri ən azı bu qədər artıb, ya da artacaq. Belə olan halda, yaşayış minimumu da ən azı istehlak səbətinin dəyəri qədər olmalıdır. Çünki bu qanunun tələbidir. Amma yaşayış minimumu və ehtiyac meyarındakı 5,3%-lik artım inflyasiya səviyyəsindən aşağı olduğu üçün qanunun tələbi yerinə yetirilməmiş olur”.
İqtisadçı onu da əlavə edib ki, ehtiyac meyarının düzgün hesablanmaması yüzminlərlə insanın həyat səviyyəsinə birbaşa təsir edəcək:
“Bildiyimiz kimi, ehtiyac meyarı ünvanlı sosial yardımın hesablanmasında istifadə olunan əsas meyardır. Son məlumatlara görə, ölkədə 350 mindən çox insan sosial yardım alır. Ehtiyac meyarı düzgün hesablanmadığı üçün insanlar daha az sosial yardım almış olurlar”.
Elnur Əli