
Donetskin “Şaxtyor” klubunun türkiyəli baş məşqçisi Arda Turan Dünya çempionatının seçmə mərhələsi çərçivəsində keçirilən Ukrayna-Azərbaycan (2:1) matçı ilə bağlı fikirlərini bölüşüb.
Yeniavaz.com “NTV Spor”a istinadla xəbər verir ki, Ukrayna millisinin Azərbaycanla oyununu tribunadan izlədiyini qeyd edən Arda Turan həmin matçda Ukraynaya azarkeşlik etdiyini bildirib:
“Mənim üçün asan deyil, çünki Azərbaycan millisinə böyük hörmətim var. Ancaq eyni zamanda Ukraynada işləyirəm və özümü Ukrayna xalqının bir parçası kimi hiss edirəm. Həmin matçda Ukraynaya azarkeşlik etdim. Futbolçularımla fəxr edirəm. İslandiya və Azərbaycana qarşı çox yaxşı oynadılar. Onlar komandanı dünya çempionatına apara bilərlər. Mən Ukrayna millisinin azarkeşiyəm. Hazırda onlar üçün asan deyil, çünki onlar hər gün başqa ölkədə oynayırlar. Ukraynanın çox yaxşı komandası var”.