“Qadınlar övladlarını düşünüb susurlar” – Psixoloq


Son dövrlərdə sosial şəbəkələrdə ailədaxili zorakılıq halları ilə bağlı məlumatlara tez-tez rast gəlinir.
Yeniavaz.com
xəbər verir ki, açıqlanan rəsmi məlumatlara görə, ötən il Azərbaycanda ailə münaqişəsi nəticəsində 1 451 cinayət qeydə alınıb.
Qeyd edək ki, ötən il baş verən ailədaxili zorakılıq hallarının 42-si ölümlə nəticələnib.
Bəs, görəsən, ailədaxili zorakılıqların başlıca səbəbləri nələrdir və bu halların qarşısını necə almaq olar?
Mövzu ilə bağlı Yeniavaz.com-a danışan psixoloq Aynur İsgəndərova bildirir ki, ailədaxili zorakılıq halları çox vaxt zorakılığı törədən şəxsin emosional balanssızlığı və nəzarət etmə ehtiyacından qaynaqlanır. Onun sözlərinə görə, bunun ən əsas səbəblərindən biri uşaqlıq travmalarıdır:
“Belə insanlar çox vaxt uşaqlıqda müəyyən zorakılığa məruz qalır, ailədə laqeyd münasibət görürlər. İstər-istəməz, bu travmalar sonrakı ailə münasibətlərinə də təsir göstərir. Bundan əlavə, ailə modeli də önəmli rol oynayır. Zorakılıq göstərən insanlar öz ailə modellərində bu kimi hadisələrə davamlı rast gəlir, onları normal qəbul edir və sonradan öz ailə həyatlarında da eyni davranışları təkrarlayırlar”.
Aynur İsgəndərova əlavə edib ki, zorakılıq törədən insanlarda özünə inamsızlıq da müşahidə olunur:
“Daxilən özlərini zəif hiss edən insanlar psixologiyada müdafiə mexanizmi adlandırılan davranış göstərir və özlərini güclü göstərmək üçün zorakılığa əl atırlar. Eyni zamanda, bu şəxslər münasibətlərdə qısqanclıq və idarəetmə ehtiyacı hiss edir. Qarşı tərəfin hər hərəkətinə şübhə ilə yanaşır, bu isə ailədaxili zorakılıq hallarının yaranmasına səbəb olur”.
Psixoloq vurğulayıb ki, digər səbəblərdən biri tərəflərin emosional balansını qoruya bilməməsidir:
“Bəzi insanlar öz qəzəbini, əsəbini və hirsini normadan daha şiddətli şəkildə qarşı tərəfə ötürür. Bu da ailədaxili problemləri daha da gücləndirir. Eyni zamanda, müəyyən şəxslərdə patoloji şəxsi xüsusiyyətlər olur ki, bu da münasibətlərdə gərginliyə gətirib çıxarır. Belə insanlar tənqidə qarşı olurlar, özlərini haqlı çıxarmaq üçün əllərindən gələni edirlər, qarşı tərəfi emosional baxımdan idarə etməyə çalışır, manipulyasiya edirlər və sosial münasibətlərini məhdudlaşdırırlar”.
A. İsgəndərova bildirib ki, zorakılıq göstərən şəxslər bəzən qarşı tərəfi iqtisadi asılılıq vasitəsilə də nəzarətdə saxlayır:
“Qadınlar daha çox övladlarını düşünərək susur. Düşünürlər ki, uşaqlar atalarından məhrum qalmasın, ailə başçısız qalmasın. Bu, həm də müəyyən mentalitetdən irəli gələn düşüncələrdir. Nəticədə qadınlar öz hüquqlarını bilmədiklərinə görə və inamı olmadığı üçün münasibətdə qalırlar və ümid edirlər ki, qarşı tərəf gələcəkdə düzələcək”.
Psixoloq bildirib ki, bu problemlərin həlli üçün həm cəmiyyət, həm də dövlət səviyyəsində tədbirlər görülməlidir.
“Qadınlarda özünə inam artırılmalı, psixoloji yardım və dəstək təmin edilməlidir. Əgər ər-arvad hər ikisi razıdırsa, psixoloji məsləhət ala bilərlər. Həmçinin, qadınların öz hüquqlarını bilməsi üçün dövlət tərəfindən maliyyələşdirilən hüquq mərkəzləri olmalıdır. Sosial-iqtisadi baxımdan qadınların öz ayaqları üzərində durması üçün dəstək göstərilməlidir”, – deyə o əlavə edib.

Fəridə Əsədzadə

DİGƏR XƏBƏRLƏR

Top