5-10 yaşlı avtomobillər arasında ən etibarlı markalar hansılardır? – Siyahı


ABŞ-nin tanınmış araşdırma qurumu “Consumer Reports” 5-10 yaşlı ikinci əl avtomobillər arasında ən etibarlı markaları açıqlayıb.
Yeniavaz.com
xəbər verir ki, tədqiqat nəticələrinə görə, Yaponiya istehsalı olan avtomobil markaları bu sahədə dünya lideri olaraq qalır.
Araşdırmaya əsasən, “Lexus” markası ən az texniki problem yaşayan və uzunömürlülüyü ilə seçilən avtomobil brendi olub. “Lexus”un ardınca “Toyota” və “Mazda” gəlir. Hər üç marka uzun illərdir həm yeni, həm də ikinci əl avtomobillərdə etibarlılıq göstəricilərinə görə ön sıralarda qərarlaşıb.
Dördüncü və beşinci yerlərdə “Honda” və onun premium brendi “Acura” qərarlaşıb. Bununla da Yaponiya markaları siyahının ilk beş pilləsini tam ələ keçirib.
Avropa avtomobilləri arasında ən yüksək nəticəni “Mercedes-Benz” və BMW göstərib. Almaniya istehsalçıları texniki baxımdan mürəkkəb modellər istehsal etsələr də, 5-10 yaş aralığında belə sabit performans və keyfiyyət qorunub saxlanılıb. “Volvo” isə skandinaviya dəqiqliyini və təhlükəsizliyini etibarlılıq göstəriciləri ilə birləşdirərək 7-ci yerdə qərarlaşıb.
Əvvəlki illərdə ilk onluqda yer alan “Hyundai” və “Kia” bu dəfə siyahının alt sıralarına düşüb. “Consumer Reports” qeyd edir ki, bəzi modellərdə elektron sistemlər və transmissiya problemləri səbəbindən bu markaların ümumi etibarlılıq balı azalıb.
ABŞ istehsalçıları, o cümlədən “Cadillac”, “Chevrolet”, “Ford” və “Jeep”, siyahının ortasında və sonlarında yer alıb. Bu markalarda əsas problemlər arasında transmissiya nasazlıqları, mühərrik və elektron sistem xətaları qeyd olunub.
“Consumer Reports”un hesabatı ABŞ-də 2014–2019-cu illər arasında istehsal olunmuş 150 mindən çox avtomobilin faktiki nasazlıq məlumatları əsasında hazırlanıb. Qiymətləndirmə mühərrik, transmissiya, əyləc sistemi, sükan, elektronik hissələr və ümumi texniki davamlılıq göstəricilərinə görə aparılıb.


Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top