
Türkiyədə iqtidar cəbhəsində təmsil olunan Milliyətçi Hərakat Partiyasının (MHP) sədri Dövlət Baxçalı Şimali Kipr Türk Respublikasında (ŞKTR) keçirilən prezident seçkilərinin nəticələrinə gözlənilməz reaksiya verib.
Yeniavaz.com xəbər verir ki, o, ŞKTR parlamentini seçkilərin nəticələrini qəbul etməməyə, həmçinin ölkənin Türkiyənin tərkibinə daxil edilməsi barədə qərar çıxarmağa çağırıb.
“ŞKTR-də keçirilən seçkinin nəticələri çox aşağı fəallıqla əldə olunub. Kipr türk icmasının taleyini bu fəallıqla təmsil etmək mümkün deyil. Seçkilərin nəticələri seçki komissiyası tərəfindən açıqlansa belə, ŞKTR parlamenti təcili toplanmalı, seçkilərin nəticələrinin və federasiyaya keçidin qəbuledilməz olduğunu bəyan etməli və Türkiyə Cümhuriyyətinin tərkibinə daxil olmaq qərarına gəlməlidir”, - Baxçalı bildirib.
Qeyd edək ki, ötən gün ŞKTR-də keçirilən seçkilərin nəticələrinə əsasən, Cümhuriyyətçi Türk Partiyasının sədri Tufan Erhürman ölkənin yeni prezidenti seçilib. O, əsas rəqibi və hazırkı prezident Ersin Tatarı səs çoxluğunda təxminən iki dəfə üstələyib.
Ersin Tatar ŞKTR-nin müstəqilliyinin tərəfdarı olsa da, Tufan Erhürman federasiya modelini dəstəkləyib və təbliğat kampaniyası zamanı bunu tez-tez dilə gətirib.