VIII tura bu gün keçiriləcək iki görüşlə yekun vurulacaq


Bu gün Azərbaycan Premyer Liqasının VIII turuna iki qarşılaşma ilə yekun vurulacaq.
Yeniavaz.com
xəbər verir ki, ilk oyun "Bank Respublika Arena"da keçiriləcək. Saat 16:00-da start götürəcək görüşdə “Sabah” öz meydanında “Zirə”ni sınağa çəkəcək. Turnir cədvəlində 13 xalla beşinci pillədə qərarlaşan “Zirə” altıncı yerdəki 11 xallı “Sabah”la üz-üzə gələcək.
Günün ikinci qarşılaşması saat 18:30-da “Palms Sports Arena”da başlayacaq. “Neftçi” doğma azarkeşləri önündə “Araz-Naxçıvan”ı qəbul edəcək. Naxçıvan təmsilçisi 14 xalla dördüncü, “ağ-qaralar” isə 8 xalla doqquzuncu sırada yer alır.
Hakim təyinatlarına gəlincə, “Sabah” – “Zirə” matçını Cavid Cəlilov idarə edəcək. Ona Kamran Bayramov, Müslüm Əliyev və Emin Əliyev kömək göstərəcək. VAR sistemi Rauf Cabarovun nəzarətində olacaq, AVAR hakimi isə Eyyub İbrahimovdur.
“Neftçi” – “Araz-Naxçıvan” görüşündə əsas hakim Fərid Hacıyev olacaq. Yardımçı hakimlər Rəhman İmami və Tərlan Talıbzadədir, dördüncü hakim funksiyasını isə İslam Məmmədov yerinə yetirəcək. VAR sisteminə Nicat İsmayıllı, AVAR-a isə Asiman Əzizli cavabdehdir.
Qeyd edək ki, turun əvvəlki oyunlarında “Kəpəz” “Şamaxı”ya, “Sumqayıt” “Karvan-Yevlax”a (4:1), “Qarabağ” isə “Turan Tovuz”a (2:1) qalib gəlib. “İmişli” ilə “Qəbələ” arasında keçirilən matç isə 2:2 hesablı bərabərliklə nəticələnib.

DİGƏR XƏBƏRLƏR

Top