
LVMH (Moët Hennessy Louis Vuitton) qrupunun 76 yaşlı sahibi, fransız milyarder Bernar Arnonun sərvəti şirkətin səhmlərinin qiymətinin qalxmasından sonra bir gündə təxminən 19 milyard dollar artıb.
Yeniavaz.com “Bloomberg” agentliyinə istinadla xəbər verir ki, LVMH səhmləri şirkətin çərşənbə günü analitiklərin proqnozlarını üstələyən rüblük nəticələrini dərc etdikdən sonra 12% artıb.
Beləliklə, Arnonun sərvəti 14-15 oktyabr tarixləri arasında 173 milyard dollardan 192 milyard dollara yüksəlib.
Bununla da, o, “Bloomberg Milyarderlər İndeksi”ndə səkkizinci yerdən yeddinci yerə yüksələrək, 176 milyard dollar sərvəti olan keçmiş “Microsoft” CEO-su Stiv Ballmeri geridə qoyub.
Arnonun 48% paya sahib olduğu LVMH şirkətinin bazar kapitallaşması 300 milyard avroya yaxınlaşaraq, onu Niderland çip istehsalçısı ASML-dən sonra Avropanın ikinci ən bahalı şirkətinə çevirib.
Səhmlərin artımına Asiyada, xüsusilə də, Çində dəbdəbə tələbatının bərpası səbəb olub.
Burada şirkət 2024-cü ilin eyni dövrü ilə müqayisədə trendlərdə nəzərəçarpacaq yaxşılaşma müşahidə etdiyini bildirib.
Təsirli artıma baxmayaraq, cari qiymətlər (bir səhm üçün 598,90 avro) ilin əvvəlindəki pik həddən (bir səhm üçün 752 avro) aşağıda qalır.