
Tramp administrasiyasının sərtləşdirdiyi immiqrasiya siyasətləri ABŞ-də işçi qüvvəsinin 2028-ci ilə qədər 6,8 milyon, 2035-ci ilə qədər isə 15,7 milyon nəfər azalmasına səbəb ola bilər.
Yeniavaz.com “Axios”a istinadən xəbər verir ki, bu barədə Amerika Siyasəti üzrə Milli Fondunun araşdırmasında deyilir.
Ekspertlər hesab edirlər ki, işçi qüvvəsinin azalması ölkənin iqtisadi artımına, mal və xidmət istehsalına mənfi təsir göstərə bilər. Konkret olaraq, araşdırmada bildirilir ki, 2028-ci ilə qədər ABŞ immiqrasiya qanunlarında dəyişikliklərə görə 2,8 milyon, qeyri-qanuni mühacirlərə qarşı daha sərt tədbirlərə görə isə daha 4 milyon işçini itirə bilər.
Ağ Evin sözçüsü Ebigeyl Cekson nəşrə bildirib ki, ölkədə iqtisadi artımı dəstəkləyə biləcək “beyin və əl çatışmazlığı yoxdur”. Bununla belə, hesabat müəllifləri xəbərdarlıq edir ki, immiqrasiya tədbirlərinin sərtləşdirilməsi 2025-2035-ci illər arasında ABŞ-nin orta illik ÜDM artımını təxminən yarım faiz azalda bilər.
Tramp əvvəllər bəyan etmişdi ki, o, vəzifəyə başlamazdan əvvəl ölkəyə təxminən 25 milyon insan qanunsuz daxil olub. ABŞ prezidenti dəfələrlə daha sərt immiqrasiya siyasətinin tərəfdarı olub. O, andiçmə mərasimindən dərhal sonra ABŞ-Meksika sərhədində fövqəladə vəziyyət elan edən sərəncam imzaladı. Donald Tramp bəyan edib ki, o, Amerika tarixində qeyri-qanuni mühacirlərin ən böyük deportasiya əməliyyatını həyata keçirmək niyyətindədir.