Türkiyənin OSTİM Universiteti MDU ilə anlaşdı


Azərbaycan və Türkiyə arasında elm və təhsil sahəsində əməkdaşlıq əlaqələri yeni mərhələyə qədəm qoyur. 2025-ci ilin 17 oktyabr tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Anar Eminovun rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyə Respublikasına səfəri çərçivəsində Ankara şəhərində yerləşən OSTİM Texniki Universitetinin (OSTİM) rektoru Prof. Dr. Murat Yülek və universitetin struktur rəhbərləri ilə görüşüb.
Görüşdə rektor Anar Eminov MDU-nun son illərdə həyata keçirdiyi beynəlxalq əməkdaşlıq siyasətindən, universitetdə innovasiya yönümlü tədris mühitinin formalaşdırılmasından və sənaye ilə əlaqələrin genişləndirilməsinə dair prioritetlərdən bəhs edib. O, qeyd edib ki, MDU ilə OSTİM arasındakı anlaşma universitetin tədris və tədqiqat fəaliyyətlərini real istehsalat və texnologiya mühitinə daha da yaxınlaşdırmaq baxımından mühüm addımdır. Rektor MDU-nun müəllim və tələbə heyətinin OSTİM-də6000-dən çox sənaye müəssisəsindən yararlanmaq istədiklərini, həmçinin birgə laboratoriya qurlulmasını bildirmişdir: “Qardaş Türkiyə Cumhuriyyətində sənaye ilə iç-içə olan OSTİM Texnik Universiteti ilə bu gün imzaladığımız bu anlaşmanın hesab edirəm ki, sənaye şəhərimiz olan Mingəçevir üçün mühüm əhəmiyyət kəsb edəcəkdir”.
M.Yülek OSTİM-in “sənaye içində universitet” konsepsiyasından danışaraq, bu modelin MDU ilə birgə həyata keçiriləcək layihələrdə səmərəli şəkildə tətbiq ediləcəyinə inamını ifadə edib. O, MDU-nun mühəndislik, tətbiqi elmlər və innovasiya sahəsindəki inkişaf potensialını yüksək qiymətləndirib və tərəfdaşlığın hər iki universitet üçün yeni imkanlar açacağını vurğulayıb.
Görüşdən sonra iki universitet arasında qarşılıqlı Anlaşma Memorandumu imzalanıb.
İmzalanan Anlaşma Memorandumunun əsas məqsədi iki universitet arasında tədris, elmi-tədqiqat və sənaye əməkdaşlığını inkişaf etdirmək, birgə layihələrin və akademik proqramların həyata keçirilməsini təmin etməkdir. Memorandum çərçivəsində tərəflər tətbiqi elmlər və mühəndislik sahəsində birgə laboratoriyaların yaradılması, texnoparklar və innovasiya mərkəzləri arasında ortaq platformaların qurulması, startap və sahibkarlıq təlimlərinin təşkili, ikili və birgə diplom proqramları,mübadilə və yay təcrübə proqramları,“Universitet–Sənaye” modelinin MDU-da tətbiqi, həmçinin birgə konfranslar və seminarların təşkili planlaşdırırlar.
Görüşdən sonra nümayəndə heyəti OSTİM Texniki Universitetinin kampusu ilə tanış olub. MDU nümayəndələri universitetin müasir auditoriyaları, laboratoriyaları, tədqiqat mərkəzləri və sənaye müəssisələri ilə inteqrasiya olunmuş infrastrukturunu yüksək qiymətləndiriblər.
Bu əməkdaşlıq Azərbaycan və Türkiyənin ali təhsil sistemləri arasında bilik və texnologiya mübadiləsinin güclənməsinə, sənaye yönümlü tədris modelinin inkişafına və gələcək nəsil mütəxəssislərin praktiki bacarıqlarla yetişdirilməsinə mühüm töhfə verəcək.




DİGƏR XƏBƏRLƏR

Top