
Məşhur portuqaliyalı futbolçu Kristiano Ronaldo növbəti dəfə dünyanın ən çox qazanan futbolçular siyahısına başçılıq edib.
Yeniavaz.com “Forbes” jurnalına istinadən xəbər verir ki, 2025/26 mövsümündə Ronaldo ümumilikdə 280 milyon dollar gəlir əldə edəcək. Bu məbləğin 230 milyon dolları onun Səudiyyə Ərəbistanının “Əl-Nassr” klubundakı maaşı və kommersiya bonuslarından, 50 milyon dolları isə “Nike”, “Binance” və “Herbalife” kimi sponsorlarla əməkdaşlıqdan gəlir.
38 yaşlı ulduz bu yay təqaüdə çıxmaq barədə yayılan şayiələri təkzib edərək “Əl-Nassr”la müqaviləsini daha iki il uzadıb.
“Hələ də çox şeyə qadirəm, kluba və milli komandaya kömək edirəm. Niyə davam etməyək?” – deyə Ronaldo Portuqaliyanın “Canal 11” telekanalına müsahibəsində bildirib.
Beləliklə, Ronaldo son on ildə altıncı dəfə “Forbes”in “ən çox qazanan futbolçular” siyahısında birinci yeri tutur. Bu göstəriciyə görə, o, idman tarixində yalnız boksçu Floyd Meyvederdən geri qalır.
İkinci yerdə Lionel Messi (130 milyon dollar), üçüncü pillədə isə “Əl-İttihad”ın hücumçusu Kərim Benzema (104 milyon dollar) qərarlaşıb. Onları “Real Madrid”dən Kilian Mbappe (95 milyon dollar) və “Mançester Siti”nin norveçli ulduzu Erlinq Haaland (80 milyon dollar) izləyir.
Ümumilikdə dünyanın ən çox qazanan 10 futbolçusu bu mövsüm 945 milyon dollar gəlir əldə edib. Siyahıya ilk dəfə iki gənc ulduz – “Real Madrid”dən Cude Bellinqhem və “Barselona”dan Lamin Yamal daxil olublar. İlk onluqdakı futbolçuların yarısının yaşı 29-dan azdır.
Ən çox qazanan liqalar arasında La Liqa dörd futbolçu ilə siyahıya liderlik edir, Səudiyyə Ərəbistanı Pro Liqası isə üç oyunçu ilə ikinci yerdə qərarlaşıb.