“Şatdaun” qüvvədə qaldı – Səkkizinci dəfə


Son həftələrdə səkkizinci dəfə ABŞ Senatı qismən dayandırılmış federal hökumətin maliyyələşdirilməsini nəzərdə tutan və Respublikaçılar tərəfindən dəstəklənən qanun layihəsini rədd edib.
Yeniavaz.com
xəbər verir ki, oktyabrın 14-də keçirilən səsvermə C-SPAN kanalında canlı yayımlanıb.
Səsvermə zamanı respublikaçılar tərəfindən hazırlanan və əvvəllər Nümayəndələr Palatası tərəfindən təsdiq edilən sənədi Konqresin yuxarı palatasının 49 üzvü dəstəkləyib, 45-i isə əleyhinə səs verib. Qanun layihəsinin təsdiqi üçün senatorların 60 səsi tələb olunur.
ABŞ federal hökumətinin fəaliyyətinin qismən dayandırılmasına (“şatdaun”) maliyyə çatışmazlığı səbəbindən oktyabrın 1-də gecə yarısı (Bakı vaxtı ilə saat 8:00) başlayıb. Bu, Konqresdəki hakim Respublikaçılar və müxalif Demokratlar partiyalarının nümayəndələrinin səhiyyə də daxil olmaqla bir neçə xərc maddəsi üzrə razılığa gələ bilməməsi nəticəsində baş verib. Respublikaçılar və Demokratlar bir-birilərini “şatdaun”u təhrik etməkdə və siyasi məqsədlər üçün uzatmaqda ittiham edirlər.
Qeyd edək ki, ABŞ qanunlarına görə, milli təhlükəsizlik və xarici siyasət fəaliyyətlərinə cavabdeh olan nazirliklər və idarələr federal hökumətin maliyyələşdirməsi dayandırılsa belə, fəaliyyətini davam etdirməlidir.
Oxşar tələblər işi “həyat və əmlakın qorunması” ilə bağlı olan dövlət işçilərinə də şamil edilir. Belə şəraitdə işləmək məcburiyyətində qalan dövlət işçiləri maaş almırlar. Lakin bu maaşlar adətən maliyyə məsələsi həll edildikdən sonra ödənilir.
Xatırladaq ki, 1977-ci ildən bəri federal hökumətin maliyyələşdirilməsi administrasiya ilə Konqres arasındakı fikir ayrılıqları ilə əlaqədar 20 dəfədən çox dayandırılıb. Ən uzun müddət Trampın birinci prezidentlik dövründə 22 dekabr 2018-ci ildən 25 yanvar 2019-cu ilə qədər 35 gün olub.

DİGƏR XƏBƏRLƏR

Top