Alim olmaq istəyən qadınlar humanitar, kişilər isə texniki sahələrə maraq göstərir


Bu ilin əvvəlinə olan məlumata görə, Azərbaycanda fəlsəfə doktoru proqramı üzrə təhsil alanların sayı 2 min 726 nəfər təşkil edib.
Yeniavaz.com
açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, fəlsəfə doktoru proqramı üzrə təhsil alanların 1 296 nəfəri qadın (47,5%), 1 430 nəfəri isə kişidir (52,5%).
Qeyd edək ki, fəlsəfə doktoru proqramı üzrə təhsil alan qadınlar humanitar və təbiət elmləri ixtisaslarına üstünlük verirlər. Məsələn, filologiya elmləri üzrə təhsil alanların 87,8 faizi qadınlardan ibarətdir. Bu göstərici pedaqogikada 83 faiz, psixologiyada 86,5 faiz, tibb elmlərində isə 77,7 faiz olub. Biologiya elmləri üzrə təhsil alanlarda qadınların payı 70,7 faiz, fizika sahəsində 68,3 faiz, kimya sahəsində isə 61,9 faiz təşkil edib. Antropologiya sahəsində fəlsəfə doktoru proqramı üzrə təhsil alanların isə hamısı qadınlardır.
Kişilərin üstünlük təşkil etdiyi sahələr əsasən texniki və iqtisadi elmlərlə bağlıdır. Məsələn, texnika elmlərində kişi doktorantların payı 78,2 faiz, yer elmlərində 79,1 faiz, iqtisad elmlərində isə 70,2 faiz təşkil edib. Riyaziyyat sahəsində cins bölgüsü nisbətən bərabərdir – qadınlar 45,6 faiz, kişilər isə 54,4 faiz. Hüquq elmlərində kişilər üstünlük təşkil edir – 57,3 faiz. Əczaçılıq və fəlsəfə elmlərində cins bölgüsü tam bərabərdir.
Məlumat üçün bildirək ki, Azərbaycanda fəlsəfə doktoru proqramında təhsil alan doktorantların 187 nəfəri Milli Elmlər Akademiyasında, 1 642 nəfəri Elm və Təhsil Nazirliyinin tabeliyində olan universitetlərdə, 174 nəfəri Səhiyyə Nazirliyinin, 62 nəfəri isə Kənd Təsərrüfatı Nazirliyinin müvafiq müəssisələrində təhsil alır.

Fəridə Əsədzadə

DİGƏR XƏBƏRLƏR

Top