Siz də ilk addımı həyat yoldaşından gözləyənlərdənsinizmi?..


Evinizdə bir problem olduqda onu həll etmək əvəzinə kənarda dayanmağamı üstünlük verirsiniz? Hər dəfə mübahisəniz düşdükdə barışmağı birinci həyat yoldaşınızdanmı gözləyirsiniz? Əgər bütün bu suallara cavabınız müsbətdirsə, sizin üçün ailə səadətindən danışmaq hələ tezdir...
Bəzi qadınlar “İlk addımı həmişə kişilər atmalıdır” fəlsəfəsinə üstünlük verirlər. Bu addım isə, onlara görə, əlamətdar günləri xatırlamaq, sürprizlər hazırlamaq, problemləri aradan qaldırmaq və s. ola bilər. Təbii ki, bu vəziyyətdən sui-istifadə edənlər də var. Üstəlik, təkcə bəzi qadınlar yox, bəzi kişilər də eyni cür səhvlərə yol verirlər. Halbuki, ailədə tərəflərdən hər hansı biri geri addım atsa, tarazlıq pozular. Bu isə gələcəkdə həlli mümkün olmayan problemlərin meydana çıxmasına səbəb olar. Beləliklə, illər keçdikcə tərəflər bir-birilərindən daha çox şey gözləməyə başlayar.
Digər tərəfdən, ailədə tərəflər arasında müxtəlif fikirlərin olması da təbiidir. Məsələn, sizə görə problem olan bir məsələ həyat yoldaşınıza görə problem olmaya bilər. Belə olduqda, o sizdən üzr istəməkdən də imtina edər. Bütün bu səbəbləri nəzərə alaraq, ilk addımı həyat yoldaşınızdan gözləməyin. Əgər həll olunmalı bir məsələ varsa, ilk addımı siz atmağa çalışın. Çünki bu məsələdə itirdiyiniz hər dəqiqə ailə həyatınızı təhlükə altında qoya bilər.

Aygün Vəliyeva

DİGƏR XƏBƏRLƏR

Top