
ABŞ Prezidenti Donald Tramp noyabrın 1-dən Çindən idxal olunan məhsullara əlavə 100% tariflər tətbiq etmək niyyətində olduğunu açıqlayıb.
Yeniavaz.com CNN-nə istinadən xəbər verir ki, hazırda Çin mallarına 30% rüsum tətbiq olunur və bu qərardan sonra ümumi tarif 130%-ə çatacaq.
Tramp bu addımı Pekinin “son dərəcə aqressiv ticarət siyasəti” ilə əlaqələndirib.
Onun sözlərinə görə, ABŞ 2025-ci il noyabrın 1-dən etibarən – yaxud Çinin gələcək addımlarından asılı olaraq daha tez – Çin idxalına əlavə 100% tarif tətbiq edəcək.
Trampın bəyanatı ABŞ fond bazarlarında da dərhal təsirini göstərib. Oktyabrın 10-da keçirilən hərracların bağlanışında Dow Jones Industrial Average 1,9%, S&P 500 2,7%, Nasdaq isə 3,5% dəyər itirib.
Xatırladaq ki, ABŞ ilə Çin arasında ticarət müharibəsi bir neçə ildir davam edir. 2024-cü ildə bu münaqişənin gərgin dövrlərində ABŞ-ın Çin mallarına tətbiq etdiyi tariflər 145%-ə, Çinin ABŞ məhsullarına cavab tarifləri isə 125%-ə qədər yüksəlib. Daha sonra tərəflər 90 günlük qarşılıqlı tarif azaldılması barədə razılığa gəlib və “tarif atəşkəsi” 2025-ci il noyabrın 9-dək uzadılıb.