
Açıqlanan rəsmi statistikaya görə, ötən il Azərbaycanda doğulan qızların sayı son onilliklərin ən aşağı səviyyəsinə enib.
Yeniavaz.com xəbər verir ki, ötən il ölkədə cəmi 48,1 min qız uşağı dünyaya gəlib. Bu, rəsmi statistikanın aparıldığı illər ərzində ən aşağı göstəricidir. Bundan əvvəl ən aşağı nəticə 1939-cu ildə qeydə alınıb – həmin il 48,9 min qız uşağı doğulub.
Maraqlıdır ki, Azərbaycanda qız uşaqlarının ən çox doğulduğu il 1990-cı il olub. Həmin dövrdə ölkədə 88,6 min qız dünyaya gəlib ki, bu da indiki göstəricidən təxminən iki dəfə çoxdur.
Rəsmi məlumata görə, 2024-cü ildə 54,2 min oğlan uşağı doğulub. Beləliklə, yeni doğulan oğlanların sayı qızlardan 6,1 min nəfər və ya 11 faiz çoxdur.
Qeyd edək ki, bu gün – 11 oktyabr – bütün dünyada Beynəlxalq Qızlar Günü kimi qeyd olunur. Bu tarix qız uşaqlarının hüquqlarının müdafiəsi və cəmiyyətdə bərabər imkanların təşviqi məqsədi daşıyır.
Elnur Əli