“Trampın Nobel arzusu puç oldu” – Dünya mətbuatı nə yazıb?


Məlum olduğu kimi, Nobel Sülh Mükafatı Venesuela müxalifətinin lideri Mariya Korina Maçadoya təqdim olunub.
Yeniavaz.com
“Politico”ya istinadən xəbər verir ki, ABŞ Prezidenti Donald Trampın fəal lobbiçiliyinə baxmayaraq mükafatı əldə edə bilməyib.
Bildirilir ki, Donald Tramp bu il mükafata namizədliyini fəal şəkildə təşviq edib. O, səlahiyyət müddəti ərzində “yeddi və ya səkkiz müharibəni həll etdiyini” iddia edərək, öz fəaliyyətini sülhə xidmət kimi təqdim edib. Ağ Evin məlumatına görə, yeddi dünya lideri Trampın namizədliyini dəstəkləyib.
Bununla belə, qalibin həftələr öncə seçildiyi iddia olunur. Tramp isə bu həftə Qəzza sülh razılaşmasının birinci mərhələsini başa vurduğunu bildirərək nailiyyətlərini qeyd edib.
Qeyd olunur ki, Tramp üçün Nobel Sülh Mükafatı böyük əhəmiyyət kəsb edir. O, əvvəlki prezidentlik dövründə və Oval kabinetə qayıtdıqdan sonra dəfələrlə bu məsələyə toxunub.
Fevral ayında jurnalistlərə açıqlamasında o deyib: “Onlar mənə heç vaxt Nobel Sülh Mükafatını verməyəcəklər. Ayıbdır. Mən buna layiqəm, amma bunu mənə heç vaxt verməyəcəklər”.
Bir gün sonra Tramp fikrini belə davam etdirib: “Nə edəcəklərini bilmirəm, amma bir şeyi bilirəm: tarixdə heç kim doqquz ayda səkkiz müharibəni həll etməyib... Qoy onlar istədiklərini etsinlər. Mən bunu mükafat üçün etməmişəm”.
“Associated Press” yazır ki, Trampın Nobel Sülh Mükafatına namizədliyi geniş ictimai diqqətə baxmayaraq, uğursuz nəticələnib.
“The New York Post” qeyd edir ki, İsrail və HƏMAS arasında tarixi atəşkəs razılaşmasının əldə olunmasına baxmayaraq, Tramp builki mükafatı ala bilməyib. Lakin bu qərar hörmətsizlik kimi qiymətləndirilməyib. Beş nəfərdən ibarət Norveç Nobel Komitəsi mükafatı sülh sazişinin imzalanmasından iki gün əvvəl Venesuela müxalifətinin lideri Maçadaya təqdim etmək barədə qərar qəbul edib.
Tənqidçilər Trampın mükafat ala bilməməsinin səbəbləri sırasında İranın nüvə obyektlərinin bombalanması, Qrenlandiyanın Danimarkadan alınması ilə bağlı açıqlamaları, həmçinin Müdafiə Nazirliyinin adının “Müharibə Departamenti” kimi dəyişdirilməsi planlarını qeyd edirlər.
“The Telegraph” yazır ki, prezidentin hökumətdə geniş təsir imkanları, o cümlədən digər ölkələrə yardımı dayandırmaq və qlobal tariflər tətbiq etmək qərarları onun əleyhinə işləyib.
Nobel Komitəsinin bütün iclaslarında iştirak edən, lakin səsverməyə qatılmayan katib Kristian Berq Harpviken bildirib ki, mükafat “son dəqiqə nailiyyətləri” üçün nəzərdə tutulmayıb.
“Newsweek” isə yazır ki, Donald Trampın Nobel arzusu puç oldu.
“The Wall Street Journal” əlavə edir ki, Trampın “11-ci saat kampaniyası” komitəni onu Nobel Sülh Mükafatını alan beşinci ABŞ prezidenti etməyə inandırmaq cəhdi olub, lakin bu səylər uğursuzluqla nəticələnib.

Murad Məmmədov

DİGƏR XƏBƏRLƏR

Top