Rektor Anar Eminov universitetin aktiv tələbələri ilə görüşüb


Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Anar Eminov universitetin Tələbə Gənclər Təşkilatının (TGT) təşkilatçılığı ilə keçirilən “TGT nədir?” adlı tədbir çərçivəsində tələbələrlə görüşüb.
Universitetin akt zalında baş tutan görüş Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Çıxışında tələbə gənclərlə açıq ünsiyyətin vacibliyini vurğulayan rektor Anar Eminov MDU-da tələbələrin təşəbbüskarlığının, yaradıcılığının və ictimai fəallığının dəstəkləndiyini diqqətə çatdırıb. O, gəncləri universitetin ictimai və sosial həyatında daha fəal olmağa, müxtəlif tələbə təşkilatlarında, klublarda və könüllülük layihələrində iştirak etməyə çağırıb. Rektor bildirib ki, tələbəlik illəri yalnız akademik bilik qazanmaq dövrü deyil, həm də şəxsiyyətin formalaşdığı, liderlik və komanda bacarıqlarının inkişaf etdiyi ən dəyərli həyat mərhələsidir.
Rektor çıxışının sonunda tələbələri maraqlandıran sualları cavablandırıb, onların ideya və təkliflərini dinləyib, universitet rəhbərliyi adından tələbə təşəbbüslərinə hər zaman dəstək veriləcəyini vurğulayıb.
Tədbir daha sonra MDU TGT-nin sədri Aslan Ələkbərzadənin çıxışı ilə davam edib. O, təşkilatın məqsədləri, fəaliyyəti və struktur bölmələri barədə ətraflı məlumat verib. Ardınca TGT-nin nəzdində fəaliyyət göstərən klub və dərnəklərin sədrləri çıxış edərək rəhbərlik etdikləri birliklərin fəaliyyəti, həyata keçirdikləri layihələr və gələcək planları haqqında danışıblar.
Görüş interaktiv müzakirə şəraitində keçib, tələbələrin çoxsaylı sualları cavablandırılıb, onların universitet həyatında iştirakını daha da artırmaq istiqamətində faydalı fikir mübadiləsi aparılıb.


DİGƏR XƏBƏRLƏR

Top