“Ferrari”nin səhmləri kəskin ucuzlaşdı


İtaliyanın məşhur avtomobil istehsalçısı “Ferrari” 2016-cı ildən bəri ən böyük səhmdar itkisini yaşayıb.
Yeniavaz.com
“Bloomberg”ə istinadən xəbər verir ki, şirkətin İtaliyadakı investor günündə açıqladığı “ehtiyatlı” maliyyə proqnozu fonunda “Ferrari”nin səhmləri Milan birjasında 14% ucuzlaşıb.
Yeni proqnoza əsasən, “Ferrari”nin 2025-ci il üçün gəliri 7,1 milyard avro, 2030-cu il üçün isə 9 milyard avro səviyyəsində gözlənilir. Bu göstəricilər əvvəlki proqnozlarla müqayisədə demək olar ki, dəyişməz qalıb.
Qeyd edilir ki, yeni proqnoz orta illik 6% artımı nəzərdə tutur və bu da 2022-ci ildə açıqlanmış 10%-lik artım gözləntisindən xeyli aşağıdır.
“Bloomberg” yazır ki, “Ferrari” ənənəvi olaraq təvazökar proqnozlar təqdim etsə də, bu dəfə rəhbərliyin “mühafizəkar tonu” investorların etimadına mənfi təsir göstərib. Şirkətin səhmlərinin qiyməti ilin əvvəlindən bəri lüks mallar bazarındakı durğunluq, ticarət riskləri və Çində satışların azalması fonunda sabit qalıb.
“Ferrari” həmçinin ilk elektrik modeli – “Elettrica”nın 2026-cı ildə satışa çıxarılacağını təsdiqləyib. Bununla belə, şirkət 2030-cu ilə qədər tam elektriklə işləyən modellərin payını əvvəlki planla müqayisədə təxminən 20%-ə endirib.
Ekspertlər hesab edirlər ki, “Ferrari”, “Porsche AG” və “Mercedes-Benz Group AG” kimi digər premium avtomobil istehsalçıları kimi elektrik avtomobillərinə keçiddə çətinliklərlə üzləşir. Əsas səbəblərdən biri – imkanlı alıcıların hələ də ənənəvi mühərrikli avtomobillərə üstünlük verməsidir.
Şirkət eyni zamanda Çin bazarında zəifləyən tələbat fonunda satış həcmlərini bərpa etməyə çalışır.
“Ferrari” rəhbərliyinin sözlərinə görə, şirkət uzunmüddətli perspektivdə stabil gəlir və yüksək brend dəyərini qorumağa yönələn “realist və ehtiyatlı” maliyyə strategiyasını davam etdirəcək.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top