Əsgərovun kürəkəni Londondakı şirkətini satıb – Qızının da şirkəti bağlanıb


“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) sabiq prezidenti Cahangir Əsgərovun qızı Cəmilə Əsgərovanın həyat yoldaşı – 45 yaşlı İtaliya vətəndaşı İqnazio Coracinin rəhbərlik etdiyi “ASC Handling Limited” şirkəti satılıb.
Yeniavaz.com
xəbər verir ki, Böyük Britaniyanın paytaxtı Londonda fəaliyyət göstərən “ASC Handling Limited” şirkəti məşhur “Swissport” şirkəti tərəfindən satın alınıb.
Qeyd edək ki, “ASC Handling Limited” şirkəti Avropanın ən böyük hava limanları hesab olunan Londonun Hitrou Beynəlxalq Hava Limanı və Qatvik hava limanlarında yükdaşıma xidmətləri göstərir.
“ASC Handling Limited”dən başqa İqnazio Coracinin rəhbərlik etdiyi daha 6 şirkət Hitrou Beynəlxalq Hava Limanı ərazisində fəaliyyət göstərir. Həmin şirkətlərdən bəziləri fəaliyyətini dayandırsa da, fəaliyyətini davam etdirən şirkətlər də var. Belə ki, İqnazio Coraci 20 may 2006-cı ildən “Silkway (UK) Ltd”, 15 may 2008-ci ildən “Aviation Servicing Company Ltd”, 22 yanvar 2013-ci ildən “ASC Handling Limited”, 12 avqust 2015-ci ildən “Cargo İnvest Limited”, 12 fevral 2016-cı ildən “Airport Servicing Company Limited” şirkətlərinə rəhbərlik edir.
Bunlardan başqa İqnazio Coraci 12 fevral 2016 – 9 may 2017-ci il tarixlərində “AS582 Limited”, 5 aprel 2008 – 17 dekabr 2008-ci il tarixlərində “Gazelli İnternational Limited” və 14 fevral 2014 – 23 fevral 2016-cı il tarixlərində “İcleverweb Ltd” şirkətlərinə rəhbərlik edib.
“ASC Handling Limited” şirkəti İtaliyada və bir sıra beynəlxalq bazarlarda yük və sərnişin daşıma xidmətləri göstərən “ASC Group”un törəmə şirkətidir.
“ASC Handling Limited”in “Swissport”a satılmasına münasibət bildirən İqnazio Coraci bildirib ki, bu əməliyyat “ASC Group” üçün inkişaf və səmərəlilik baxımından bir fürsətdir.
Onu da bildirək ki, bir neçə ay əvvəl Cahangir Əsgərovun qızı Cəmilə Əsgərovanın rəhbərlik etdiyi və Londonda qeydiyyatda olan “Gazelli International Limited” şirkəti də ləğv olunub.
“Gazelli International Limited” şirkəti 16 yanvar 2019-cu ildə “Soroka Limited” adı ilə qeydiyyata alınıb. 2024-cü ilin avqust ayından etibarən şirkətin adı “Gazelli International Limited” adlanıb. Şirkətin sonuncu maliyyə hesabatında göstərilib ki, “Gazelli International Limited”in xalis zərəri son bir ildə 4 dəfəyə yaxın artaraq 25 min funt-sterlinqə (57 min manat) yüksəlib.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top