Tramp “TikTok”a qayıtdı


ABŞ Prezidenti Donald Tramp 2024-cü il ABŞ prezident seçkilərində qalib gəldikdən sonra ilk dəfə “TikTok” sosial şəbəkəsində video yerləşdirib.
Yeniavaz.com
xəbər verir ki, uzun fasiləyə səbəb Çin sosial media platformasının ABŞ-dəki nəzarətinin Amerika biznesinə verilməsi ilə bağlı danışıqlar olub.
“TikTok”dakı bütün gənclərə: “TikTok”u xilas etdim, ona görə də, mənə çox borcunuz var. Hazırda məni Oval Ofisdə görürsünüz. Nə vaxtsa, sizlərdən biri bu masanın arxasında oturub, çox gözəl işlər görəcək”, - Amerika lideri bildirib.
Vitse-prezident Ceyms Devid Vens də yeni bir video yayıb.
“Hər kəsə salam! Bu C. D. Vensdir. Mən sizə bildirmək istədim ki, biz Vitse-Prezidentin “TikTok” səhifəsini bərpa edirik. Mən son bir neçə ayda diqqətimi “TikTok”a deyil, Vitse-Prezidentin işinə verməklə bir az passiv olmuşam”, - deyə siyasətçi qeyd edib.
Qeyd edək ki, sentyabrın 25-də Tramp Çin sosial media platforması “TikTok”un ABŞ-dəki əməliyyatlarının Amerika biznesi tərəfindən idarə edilməsinə dair müqaviləni təsdiqləyən sərəncam imzalayıb.
Sərəncama əsasən, yeni qurumun əsas payı və nəzarəti Amerika vətəndaşlarına məxsus olacaq. Çin şirkəti “ByteDance” 20%-dən az pay alacaq. Payın qalan hissəsi isə müəyyən investorlara məxsus olacaq. Ancaq konkret investorlar göstərilməyib.
Şirkət amerikalıların məlumatlarının lazımi şəkildə qorunmasını və Amerikanın təhlükəsizliyinin təmin edilməsini həyata keçirəcək yeni direktorlar şurası tərəfindən idarə olunacaq. Yeni şirkətin dəyəri təxminən 14 milyard dollar təşkil edəcək.
Xatırladaq ki, “ByteDance”ın ABŞ-də satışını və ya fəaliyyətini dayandırmasını tələb edən qanun 2024-cü ildə keçmiş ABŞ prezidenti Co Bayden tərəfindən imzalanıb. İstifadəçilərin səsləri onun prezident seçkilərində qələbə qazanmasına kömək etdiyi üçün Tramp 20 yanvar 2025-ci ildə andiçmə mərasimindən sonra platformanın ABŞ-də bloklanmasını təxirə salan sərəncam imzalayıb. Daha sonra o, bu möhlət müddətini bir neçə dəfə, ən son isə sentyabrın 16-da uzadıb. Bununla da, sosial şəbəkənin ABŞ-də bloklanması dekabrın 16-na qədər təxirə salınıb. Həmin vaxt Tramp “çox böyük şirkətlər qrupunun” “TikTok”u əldə etmək istədiyini açıqlayıb və Çin tərəfi ilə ilkin razılaşma əldə edildiyini açıqlayıb.

DİGƏR XƏBƏRLƏR

Top