
ABŞ Senatı federal hökumətin maliyyələşmədirilməsi ilə bağlı qanun layihələrini bir daha rədd edib.
Yeniavaz.com xəbər verir ki, səsvermə oktyabrın 6-da “C-SPAN” tərəfindən yayımlanıb.
Respublikaçılar tərəfindən hazırlanan və daha əvvəl Nümayəndələr Palatasında təsdiqlənən qanun layihəsi Senatın 52 üzvü tərəfindən dəstəklənib, 42-si isə əleyhinə çıxıb.
Demokratlar tərəfindən təqdim edilən qanun layihəsini isə 45 senator dəstəkləyib, 50 senator əleyhinə çıxıb.
Konqresin yuxarı palatasında təsdiq üçün ən azı 60 səsə ehtiyac olduğuna görə, senatorlar ABŞ federal hökumətinin fəaliyyətinin qismən dayandırılmasına (“şatdaun”) son qoyan qanun layihəsini qəbul edə bilməyiblər.
Qeyd edək ki, “şatdaun” oktyabrın 1-də gecə yarısı (Bakı vaxtı ilə saat 8:00) başlayıb.
Bunun səbəbi, Konqresdəki hakim Respublikaçı və müxalif Demokratik partiyalarının nümayəndələrinin səhiyyə də daxil olmaqla bir sıra xərc maddələri ilə bağlı razılığa gələ bilməmələri olub.
ABŞ qanunlarına görə, milli təhlükəsizlik və xarici siyasət fəaliyyətlərinə cavabdeh olan nazirliklər və agentliklər federal hökumətin maliyyələşdirilməsi dayandırılsa belə, fəaliyyətlərini davam etdirməlidirlər. Oxşar tələblər “həyat və əmlakın qorunması” ilə məşğul olan dövlət məmurlarına da şamil edilir.
Belə şəraitdə işləmək məcburiyyətində qalan dövlət işçiləri maaş almırlar. Lakin bu maaşlar adətən maliyyə məsələsi həll edildikdən sonra ödənilir.
Xatırladaq ki, 1977-ci ildən bəri federal hökumətin maliyyələşdirilməsi administrasiya ilə Konqres arasındakı fikir ayrılıqları ilə əlaqədar 20 dəfədən çox dayandırılıb. Ən uzun müddət 22 dekabr 2018-ci ildən 25 yanvar 2019-cu ilə qədər 35 gün olub (Donald Trampın ilk prezidentlik dövründə).