
Xəbər verdiyimiz kimi, 2025-ci il Fiziologiya və tibb üzrə Nobel mükafatı immunologiya sahəsində böyük kəşf edən üç alimə – ABŞ-dən Meri Brankou və Fred Remsdell, eləcə də Yaponiyadan Şimon Sakaguçiyə verilib.
Yeniavaz.com xəbər verir ki, onlar “periferik immun tolerantlığı” adlanan çox vacib bir prosesi araşdırıblar.
Qeyd edək ki, bu proses insan bədəninin öz hüceyrələrinə qarşı səhvən hücum etməsinin qarşısını alır.
Məlumdur ki, immun sistemi bədənimizin təhlükəsizlik xidməti kimidir. O bizi virus, bakteriya, göbələk və digər yad maddələrdən qoruyur. Məsələn, kimsə qrip virusuna yoluxanda, immun sistemi dərhal onu tanıyır və məhv etməyə çalışır. Dərimizə yara düşəndə, mikroblar bədənə daxil olanda immun hüceyrələri onları tapıb zərərsizləşdirir. Amma bəzən bu “təhlükəsizlik xidməti” səhv edir və öz bədəninə düşmən kimi baxır. Belə olduqda autoimmun xəstəliklər yaranır:
I tip şəkərli diabet – immun sistem mədəaltı vəzinin insulin istehsal edən hüceyrələrinə hücum edir;
Revmatoid artrit – immun sistem oynaq toxumalarını “düşmən” sayır;
Dəri xəstəlikləri (məsələn, psoriaz) – immun sistem dəridəki normal hüceyrələri səhv tanıyır.
Yəni immun sistem “dostu düşməndən ayıra bilməyəndə” orqanizm öz-özünə zərər vurur.
“Periferik immun tolerantlığı” isə immun sistemin səhv hücumlarının qarşısını alan tormoz mexanizmidir. Meri Brankou, Fred Remsdell və Şimon Sakaguçi aşkar ediblər ki, bədəndə T tənzimləyici hüceyrələr (T-reg hüceyrələri) adlanan xüsusi hüceyrələr var. Bu hüceyrələr immun sisteminin çox güclü reaksiyasının qarşısını alır. Onlar sanki “immun sistemin nəzarətçiləri” kimidir. Yəni sistemin sakit və balanslı işləməsini təmin edir. Əgər bu hüceyrələr düzgün işləməsə, bədən öz orqanlarına hücum etməyə başlayır.
Bu kəşf insanlıq üçün ona görə vacibdir ki, alimlər autoimmun xəstəliklərin səbəbini daha aydın anlayacaqlar. Xərçəngin və allergiyanın müalicəsində yeni yanaşmalar axtarılacaq. Orqan köçürülməsi zamanı immun sistemin orqanı “rədd etməsinin” qarşısını almaq yolları tapıla bilər.
Gələcəkdə şəkərli diabeti olan bir insanda bu hüceyrələrin fəaliyyəti bərpa edilə bilər. Allergiyası olan şəxs üçün immun sistemi “sakitləşdirən” dərmanlar hazırlanacaq.
Nobel Komitəsi bəyan edib ki, bu kəşf immunologiya elminə yeni istiqamət verib. Onların fikrincə, bu tədqiqatlar gələcəkdə xəstəliklərin qarşısını almaq və müalicə etmək üçün çox vacib olacaq.
“Bu alimlər immun sistemin balansını başa düşmək üçün əsas açarı tapıblar. Onların işi milyonlarla insanın həyatını dəyişə bilər,” – deyə Nobel Komitəsinin açıqlamasında qeyd olunub.
Murad Məmmədov