
Bir nəfər Musa Peyğəmbərə deyir:
- Ya Musa, mənim malım-dövlətim o qədər artıb ki, qorxuram ibadətimə mane ola. Sən mənə bir yol öyrət ki, var-dövlətimin bərəkəti azalsın.
Musa Peyğəmbər deyir:
- Quru çörək götür və gəzə-gəzə ye.
Aradan aylar keçir və onlar yenidən qarşılaşırlar. Həmin adam Musa Peyğəmbərə gileylənir:
- Mən dedim elə şey öyrət ki, var-dövlətimin bərəkəti azalsın, amma sən deyəni edəndən sonra var-dövlətim daha da artdı.
Musa Peyğəmbər bir qədər düşünəndən sonra dedi:
- Hələ sən göstər görüm, o quru çörəyi necə yeyirsən?
Adam da əvvəlcə yaxasına önlük bağladı, sonra quru çörəyi onun üstündə yedi. Çörək qurtarandan sonra önlüyün üstünə tökülmüş qırıntıları toplayıb ağzına atdı.
Həzrəti Musa güldü və dedi:
- Bu önlük məsələsini heç düşünməmişdim. Düşünmüşdüm ki, sən quru çörəyi yedikcə ətrafa qırıntılar səpələnəcək, onunla da sənin evinin bərəkəti azalacaq...
Qənaət - tərbiyə məktəbidir
Bərəkətin hansı tikədə olduğunu bilmək olmaz. Ona görə də, hər şeydə dönə-dönə qənaəti məsləhət görürlər.
Bu gün Avropa və Amerikada insanlar yeməyə xərclədikləri qədər, arıqlamağa sərf edirlər.
Qənaət - tərbiyə məktəbidir. Allah (c.c.) nə israf edənləri sevər, nə də xəsisləri. Bizə əmr olunan isə hər məsələdə qənaətli davranmaqdır.
Qənaət - tükənməyən xəzinədir.
Allah qənaətlə bağlı görün nələr buyurur:
“Yeyin, için, ancaq israf etməyin. Allah israf edənləri, əlbəttə, sevməz”.
“İsraf etmə, israf edənlər şeytanın qardaşlarıdır”.
“İsraf edənləri həlak etdik”.
“Mallarınızdan israf edənlərə bir şey verməyin”.
Elə bilirik ki, israf haqqında Allahın buyurduqları bizə mənzərəni tamamilə açıq-aydın göstərir.
Artıq tikə
Qənaət xəsisliklə israfın arasındakı qızıl xəttdir. Peyğəmbərimiz (s.ə.s.) buyurur ki, həyatını qənaətlə yaşamaq peyğəmbərliyin iyirmidə biridir. Allah Rəsulu onu da buyurur ki, qənaət edən varlanar, israf edən yoxsullaşar.
İsraf təkcə yemək-içməklə bağlı deyil. Həyatın hər sahəsində israf da var, xəsislik də. İnsan vaxtına da qənaət etməlidir, çörəyinə də, puluna da, canına da, sözünə də...
Adi hesab etdiyimiz qənaət
Hamamın işığı boş yerə yanır. Durub söndürməyə tənbəllik edirsiniz. Mətbəxdən su səsi gəlir. Qalxıb bağlamağa çətinlik çəkirsiniz. Axşam süfrədən çörək qalıb. Torbaya yığıb qapının ağzından asırsınız. Gün boyu televizorun qarşısında oturursunuz, durub bir işlə məşğul olmaq istəmirsiniz...
Dörd tərəfinizdən israf yağır. İsraf etdiyiniz enerji, vaxt, güc dünyanın harasındasa kimlərinsə dərdinə məlhəm ola bilər. Əgər dəqiqədə su kranından 10 damla su axırsa, demək, siz bir ayda 170 litr su itirirsiniz.
Əgər milyonların yaşadığı bu şəhərdə hər evdə bir lampa səhərə qədər boş yerə yansa, görün, nə qədər enerji israf olar.
Evdə hər şeydən istifadə etməyə çalışmaq, yararsız bildiyimiz şeyləri yararlı hala gətirmək ətrafa fərqli gözlə baxmaqla və ən əsasl düşünməklə mümkündür.
Xəsislikdən qorunun!
Əgər biri israfçıdırsa, demək, Allahın verdiyi nemətlərin qədrini bilmir, şükrünü etmir. İnsan düşünsə ki, onun əlindəki nemətlər üçün nə qədər ehtiyacı olanlar var, israf etməz. Dərd orasındadır ki, biz bu istiqamətdə düşünmək belə istəmirik.
Xəsislik isə Allaha güvənməməkdir. Malın, mülkün həqiqi Sahibinin Allah olduğuna inanan insan lazım gəldikdə tərəddüd etmədən onu başqalarına verə bilər.
İnsan Allahın verdiyi nemətlərin qiymətini bilməlidir, ancaq insan o nemətlərin köləsi, əsiri olmamalıdır. Şükür etmək bəzən yerə düşmüş çörək qırıntısı üçün əyilmək, bəzən də bir ehtiyacı aradan qaldırıb bir dərdə çarə olmaq üçün bütün sərvətini verməkdir.
Ailə büdcəsini düzgün tənzimləmək...
Ailənin qənaəti büdcənin necə tənzimlənməsindən asılıdır. Evin xanımı ay boyu çörəyə, meyvə-tərəvəzə, kommunal xərclərə... nə qədər vəsait xərcləndiyini bilmirsə və onları minimuma endirmək barədə düşünmürsə, orada qənaətdən danışmaq mümkün deyil. Hər bir ailə əvvəlcə özünün mənfi və müsbət tərəflərini aşkarlamalı, sonra mənfi cəhətləri aradan qaldırmaq üçün tədbirlər görməlidir. Ancaq bir mühüm məsələ də odur ki, uşaqlara qənaətin yolu, üsulu öyrədilməlidir. Uşaq da olsa, anlamalıdır ki, onun üçün ayrılmış gəzintinin də, əyləncənin də, şirniyyatın da bir ölçüsü, bir limiti var...
Nemətlər şükürlə artır
Allah (c.c.) buyurur ki, əgər siz şükür etsəniz, Mən də verdiyim nemətləri artıraram. Dediyimiz kimi, şükür etmək həm israfdan, həm də xəsislikdən uzaq olmaq, yəni qənaət yolunu tuta bilməkdir.
Peyğəmbərimiz Həzrəti Məhəmməd (s.ə.s.) bir hədisi-şərifində buyurur:
“Qiyamət günündə hər kəs bu dörd suala cavab vermədikcə hesabdan qurtula bilməz:
- Ömrünü necə keçirdi;
- Öyrəndiyi elmi həyatına nə qədər tətbiq etdi;
- Malını haradan, necə qazandı və hara sərf etdi;
- Cismini, bədənini, harada, hansı işlərdə yordu, əldən saldı...
Sabaha sərmayə
Əsl məharət çox şeyə sahib olmaq deyil, sahib olduğun az şeylə problemlərini həll edə bilməkdir. Üstəlik, qənaətin uşaq tərbiyəsində də mühüm amil olduğunu nəzərdən qaçırmamalıyıq.
Odur ki, uşaqların “sabahı” üçün narahat olmaqdansa, onlara qənaəti öyrətmək daha faydalıdır.
Murad Məmmədov