
Tbilisidə etirazçılar Gürcüstanın “İmedi” telekanalının çəkiliş qrupuna hücum ediblər.
Yeniavaz.com xəbər verir ki, bu barədə telekanalın açıqlamasında bildirilir.
Açıqlamaya görə, insident prezident sarayının yaxınlığında nümayişçilər ora basqın etməyə cəhd edərkən baş verib. Bir qrup etirazçı qəfildən çəkiliş qrupuna qarşı aqressivləşib və bu, davaya səbəb olub. Bir jurnalist və operator yaralanıb. Kanalın avadanlıqları zədələnib.
Xatırladaq ki, bu gün Gürcüstanda yerli hakimiyyət orqanlarına seçkilər keçirilib. Vətəndaşlar şəhər və bələdiyyə sədrlərini, eləcə də şəhər şurasının üzvlərini seçiblər. Bunun fonunda Tbilisidə mitinq keçirilir. Nümayişçilər gün ərzində bələdiyyə seçkilərinə etiraz etmək üçün toplaşıblar. Etirazçılar prezident sarayına daş atıb, polis əməkdaşlarına pirotexniki vasitə atıblar. Ölkənin Daxili İşlər Nazirliyi etiraz aksiyasının qanunsuz olduğunu bəyan edib. Polis idarəsi etirazçıları dağılışmağa çağırır. Çevik qüvvət polisi artıq nümayişçilərə qarşı su şırnaqlarından istifadə etməyə başlayıb.
Bundan əlavə, çevik qüvvət polisi nümayişçiləri dağıtmaq üçün qaz qumbaralarından istifadə edir. İndiyədək həbs olunan olmayıb.