Mərakeşdə etiraz aksiyaları – Ölənlərin sayı 3-ə çatdı


Mərakeşdə korrupsiya və dövlət xərcləri ilə bağlı qərarlara qarşı etirazlar zamanı ən azı üç nəfər ölüb, yüzlərlə insan yaralanıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Əl-Cəzirə” telekanalı məlumat yayıb.
Məlumata görə, təhlükəsizlik qüvvələri çərşənbə günü Aqadir şəhərinin cənubundakı kiçik Leqliaa qəsəbəsində nümayişçilərə atəş açaraq üç nəfəri öldürüb.
Mərakeş Daxili İşlər Nazirliyi onların polislərin silahlarını ələ keçirmək cəhdi zamanı güllələnərək öldürüldüyünü bildirib. Lakin heç bir şahid bunu təsdiqləyə bilməyib.
Mərakeş İnsan Hüquqları Cəmiyyəti isə etirazlar zamanı 1000 nəfərin həbs edildiyini bildirib.
Artan zorakılıqlar fonunda cümə axşamı baş nazir Əziz Axannuş etirazlara son qoymaq üçün dialoqa açıq olduğunu bildirib.
Nümayişlər “TikTok”, “Instagram” və “Discord” oyun proqramından istifadə edərək, özünü “GenZ 212” adlandıran sərbəst şəkildə formalaşmış anonim gənclər qrupu tərəfindən onlayn təşkil edilib.
Mərakeş Daxili İşlər Nazirliyi cümə axşamı bildirib ki, ölkənin 23 əyalətində yüzlərlə avtomobilə, həmçinin banklara, mağazalara və ictimai binalara ziyan dəyib.
Qeyd edək ki, bu, Mərakeşdə iqtisadi və sosial şəraitə qarşı ilk etirazlar deyil. Lakin bu həftəki nümayişlər şimaldakı Rif bölgəsində etirazçıların təhlükəsizlik qüvvələri ilə toqquşduğu ən azı 2016 və 2017-ci illərdən bəri ən şiddətli nümayişlərdir.

DİGƏR XƏBƏRLƏR

Top