
Macarıstan hökuməti Türkmənistanın yaxın vaxtlarda bu ölkənin qaz tədarükçülərindən birinə çevriləcəyinə ümid bəsləyir.
Yeniavaz.com “İnrefax”a istinadən xəbər verir ki, bu barədə Macarıstanın Şərq məsələləri üzrə dövlət katibinin müşaviri Adam Stifter Aşqabadda keçirilən Türkmənistan–Macarıstan Hökumətlərarası İqtisadi Əməkdaşlıq Komissiyasının iclasından sonra bildirib.
Stifter qeyd edib ki, Macarıstan enerji sektorunda Türkmənistanı etibarlı tərəfdaş hesab edir: “Macarıstan müxtəlif ölkələrdən təbii qaz idxalından asılıdır. Biz ümid edirik ki, Türkmənistan tezliklə Avropaya, xüsusən də Macarıstana qaz tədarük etməyə başlayacaq”.
Macarıstanın Avropa məsələləri üzrə dövlət katibinin müavini Peter Holiç də enerji əməkdaşlığının perspektivlərini dəyərləndirib. Onun sözlərinə görə, tərəflər qaz ticarəti, Xəzər dənizində karbohidrogen ehtiyatlarının kəşfiyyatı və işlənməsi, həmçinin bərpa olunan enerji sahəsində birgə təşəbbüsləri müzakirə ediblər.