
İdman zallarına üz tutan insanların əksəriyyətinin əsas məqsədi sağlam həyat tərzi qurmaq və bədən formasını yaxşılaşdırmaqdır. Lakin idman zamanı edilən bəzi səhvlər gözlənilən nəticəni gecikdirə, hətta sağlamlığa zərər vura bilər.
İdmanla məşğul olan zaman edəcəyimiz kiçik səhv səhhətimizdə ciddi problemlərin yaranmasına gətirib çıxara bilər. Vaxtaşırı bununla bağlı KİV-də və sosial mediada məlumatlarla rastlaşırıq. Bəzi hallarda belə səhvlər ölümlə də nəticələnir.
Bəs idman zallarında ən çox edilən səhvlər hansılardır?
Tanınmış fitness məşqçisi Kamil Zeynallı məsələ ilə bağlı Yeniavaz.com-un suallarını cavablandırıb. O bildirib ki, bəzi insanlar idman zamanı yalnız bir neçə hərəkəti öyrənir və daim həmin hərəkətləri təkrar edirlər.
“İdmana başlayan şəxs bilməlidir ki, ilk mərhələdə hərəkəti neçə dəfə yerinə yetirməlidir və bir həftədən sonra bu say nə qədər artırılmalıdır. Təəssüf ki, bir çoxları bunu nəzərə almır”.
Onun sözlərinə görə, idman zallarına gələn insanların əksəriyyəti məşqləri özbaşına, sosial şəbəkələrdə gördükləri nümunələr əsasında həyata keçirirlər:
“Halbuki həmin paylaşımları edənlər çox vaxt nə peşəkar idmançı, nə də məşqçi olurlar. Bunun nəticəsində müxtəlif risklər yarana bilər. Məsələn, ürək problemləri olan və ya yük qaldırdıqda narahatlıq hiss edən insanlar bu məlumatı məşqçiyə bildirmədikdə, sonradan fəsadlar ortaya çıxır”.
Kamil Zeynallı deyir ki, idmana başlayan şəxs mütləq sağlamlığı haqqında məşqçiyə məlumat verməlidir:
“Biz həkim olmasaq da, bu işin içindəyik və insanların halı pisləşəndə ilkin müdaxiləni necə edəcəyimizi bilirik. Zala gələn hər müştəridən soruşuruq: belinizdə problem varmı, ayağınızda damar genişlənməsi və ya qadınlarda əməliyyatlar olubmu? Buna uyğun məşq proqramı tərtib edirik. Belə halların qarşısını almaq üçün, məşqçi ilə məsləhətləşmək, hətta həkim yoxlanışından keçmək daha düzgün yanaşmadır”.
Fəridə Əsədzadə