
Çinin “Huawei” korporasiyası dünyada qatlanan smartfonların bir nömrəli satıcısı olub.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Canalys” analitik şirkətinin hesabatına istinadla “The Economic Times” qəzeti məlumat yayıb.
Məlumata görə, “Huawei” 2025-ci ilin birinci yarısının nəticələrinə əsasən qatlanan smartfonlar seqmentində lider seçilib.
Belə ki, şirkətin dünya üzrə qatlanan smartfon satışlarındakı payı 48 faiz təşkil edib. Əvvəlki lider “Samsung” isə 20 faizlik payla ikinci yerə düşüb.
2024-cü ildə “Samsung” 45 faiz payla birinci yeri tutub. Həmin vaxt tədarüklərin cəmi 24 faizi “Huawei”in payına düşüb.
Analitiklər qeyd ediblər ki, “Huawei”in portfelində bir neçə qatlanan qurğu var. Ən ucuz qatlanan qurğu “Nova Flip” 750 dollar, ən bahalı qatlanan qurğu üç ekranlı “Mate XT Ultimate” isə 4 min dollardır.
“Samsung”un qatlanan qurğularının qiymətləri isə “Galaxy Z Flip 7 FE” də daxil olmaqla 900 dollardan başlayır.
Hesabat müəllifləri həmçinin qeyd ediblər ki, dünya üzrə qatlanan telefonların ən çox satışı Çində qeydə alınıb. Belə ki, qatlanan qurğuların satışı Çində ümumi smartfon satışlarının 3,2 faizini təşkil edib.