
Bu ilin avqust ayı ərzində Azərbaycanda nağd xarici valyuta bazarında əməliyyatlar ən çox ABŞ dolları ilə aparılıb.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, avqust ayında 191,6 milyon dollar alınıb, 104,7 milyon dollar satılıb.
İkinci yerdə avro qərarlaşıb. Ay ərzində 13,2 milyon avro alınıb, 13,3 milyon avro satılıb. Bunlardan başqa 995 min funt sterlinq alınıb, 1,3 milyon funt sterlinq satılıb. Rusiya rublunun alışı isə 684 milyon rubl, satışı isə 180,1 milyon rubl olub.
Qeyd edək ki, ötən ilin eyni dövrü ilə müqayisədə dolların alışı artıb, satışı isə azalıb. Belə ki, 2024-cü ilin avqustunda 156,3 milyon dollar alınıb, 195,1 milyon dollar satılıb.
Onu da bildirək ki, son 3 ildir dollara tələbat yüksəlir. 2023-cü ilin avqust ayında isə 139,5 milyon dollar alınıb.
Açıqlanan məlumatlardan da göründüyü kimi, ötən ilin avqust ayı ilə müqayisədə bu ilin avqust ayında dolların alışı 22,6% (35,3 milyon), 2023-cü ilin avqust ayı ilə müqayisədə isə 37% (51,8 milyon) artıb.
Məlumat üçün bildirək ki, dollar bazarında alıcılığın satışdan çox olması dollarlaşma tendensiyasının davam etdiyini göstərir. Dolların alışı satışdan xeyli çox olduğu üçün bazarda dollara tələbin artdığı görünür.
Elnur Əli