
“İnter” və “Milan”ın ev oyunlarını keçirdiyi ”San Siro” stadionu söküləcək.
Yeniavaz.com xəbər verir ki, bu barədə jurnalist Tankredi Palmeri sosial şəbəkədəki səhifəsində məlumat verib.
Onun sözlərinə görə, Milan Şəhər Şurası stadionun “İnter” və “Milan”a satılmasına qərar verib.
Digər tərəfdən, Palmerinin sözlərinə görə, klublar stadionun sökülməsini qərara alıb.
İtaliyanın “İl Messaggero” qəzeti isə 2032-ci il Avropa çempionatı üçün daha müasir və funksional stadion tikiləcəyini bildirib.
Qeyd edək ki, “San Siro” stadionu 1926-cı ildə tikilib və iki dəfə (1956 və 1989-cu illərdə) təmir edilib. O, 80 mindən çox tamaşaçı qəbul edə bilər. Stadionda 1934 və 1990-cı illərdə Dünya Kuboku, 1980-ci ildə Avropa Çempionatı, iki Avropa Kubokunun finalı və iki Çempionlar Liqasının finalı keçirilib.
Xatırladaq ki, Qış Olimpiya Oyunlarının açılış mərasimi 2026-cı il fevralın 6-da “San Siro”da keçiriləcək.