Günəş fırtınaları qadınlarda infarkt riskini artırır


Braziliyalı alimlər günəş fırtınaları zamanı Yerin maqnit sahəsində yaranan pozuntularla, xüsusilə qadınlarda miokard infarktı hallarının artması arasında əlaqə aşkarlayıblar.
Yeniavaz.com
xəbər verir ki, araşdırmanın nəticələri “Communications Medicine” jurnalında dərc olunub.
Tədqiqat 1998–2005-ci illərdə San-Paulu ştatının San-Xose dos Kampos şəhərinin səhiyyə sisteminin məlumatlarına əsaslanıb. Bu dövrdə kişilərdə 871, qadınlarda isə 469 infarkt hadisəsi təhlil edilib. Hadisələr Yerin maqnit sahəsindəki dəyişiklikləri ölçən Kp indeksinə görə müqayisə olunub.
Nəticələr göstərib ki, kişilərdə infarktların ümumi sayı daha çoxdur. Lakin qadınlarda, xüsusilə 31–60 yaş arası qrupda, maqnit pozuntularının güclü olduğu “narahat” günlərdə infarkt riski “sakit” günlərə nisbətən üç dəfə artıb.
Alimlər bunun müşahidə xarakterli araşdırma olduğunu və səbəb-nəticə əlaqəsini tam sübut etmədiyini vurğulayıblar. Onlar həmçinin bildiriblər ki, araşdırma yalnız bir şəhərdə və məhdud sayda insan üzərində aparıldığı üçün nəticələrin təsdiqlənməsi üçün əlavə tədqiqatlara ehtiyac var.
Mütəxəssislər hesab edirlər ki, maqnit pozuntuları qan təzyiqinə, ürək ritminə və insanın daxili bioloji saatına təsir göstərə bilər. Onların sözlərinə görə, 2025-ci il günəş aktivliyinin yüksək dövrü ilə səciyyələndiyi üçün bu cür pozuntuların sayı daha çox ola bilər.

DİGƏR XƏBƏRLƏR

Top