
“Böyük Britaniyanın keçmiş baş naziri (1997-2007) Toni Bler İsrailin hərbi əməliyyatı başa çatdıqdan sonra Qəzza zolağının beynəlxalq keçid idarəedici orqanına rəhbərlik etməyə ümid edir”.
Yeniavaz.com xəbər verir ki, bu barədə “The Economist” jurnalı məlumat yayıb.
Bildirilib ki, belə strukturun yaradılması ABŞ-nin yardımı ilə “Toni Bler İnstitutu” (TBI) analitik mərkəzinin hazırladığı sülh planında nəzərdə tutulub. Bu idarəetmə orqanının “ali siyasi və qanuni hakimiyyət” kimi fəaliyyətə başlaması üçün BMT-nin beş illik mandatının tələb olunacağı gözlənilir. Məqalədə deyilir ki, təsdiq olunarsa, Bler 25 nəfərlik katibliyə arxalana və Fələstin anklavının idarəçiliyinə nəzarət edəcək yeddi üzvdən ibarət şuraya sədrlik edə biləcək.
“O, vaxtını qurban verməyə hazırdır. O, həqiqətən bu müharibəni bitirmək istəyir”, - mənbə jurnala deyib.
“The Daily Telegraph” öz mənbələrinə istinadən əlavə edir ki, 72 yaşlı Blerin namizədliyini ABŞ Prezidenti Donald Trampın kürəkəni Cared Kuşner və xüsusi elçi Stiven Uitkoff dəstəkləyir.