
Naxçıvan Muxtar Respublikası Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən dövlət satınalmaları ilə bağlı qanunvericiliyin tələblərinə bir sıra hallarda riayət edilməyib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Hesablama Palatasının Agentlik və tabeli qurumlarında keçirdiyi auditin nəticələrində qeyd olunub.
Bildirilib ki, ilkin satınalma planı hazırlanaraq təsdiq edilməyib, həmçinin dövlət satınalmalarının vahid internet portalında yerləşdirilməyib:
“2023-cü ildə 7 halda 132 min 615 manat dəyərində satınalmalar həyata keçirilərkən razılıq alınmadan birbaşa müqavilə bağlanılıb, bəzi hallarda satınalmalar hissələrə bölünərək həyata keçirilib. Ehtimal olunan qiymətlərin müəyyən edilməməsi və ya düzgün müəyyən olunmaması, habelə müqavilələrin icrası üzrə nəzarət mexanizmlərinin təkmil olmaması dövlət vəsaitinin artıq istifadəsinə yol açıb. 2024-cü ildə tikinti materiallarının satınalınması üçün 257 min manat 57 qəpik dəyərində açıq tenderin keçirilməsinə dair müqavilə bağlanılıb, vəsaitin ödənişi tam həyata keçirilib, lakin 7 adda 41 min 987 manat 31 qəpik dəyərində avadanlıq göndərilməyib və ya yararsız olduğu üçün geri qaytarılıb. Audit dövründə həmin avadanlıqlar təchizatçıdan tələb olunaraq bərpa olunub”.