
“Qarabağ” futbol klubunun Çempionlar Liqasında baş tutan oyunlarına yüksək tələbat bəzi azarkeşlərin bilet əldə edə bilməməsi ilə nəticələnir.
Yeniavaz.com xəbər verir ki, onlayn bilet satışı zamanı yaranan problemlər azarkeşlər arasında narazılığa səbəb olub.
“Qarabağ”ın ev oyunları, adətən, azarkeş tutumu 31 min 200 nəfər olan Tofiq Bəhramov adına Respublika stadionunda keçirilir. Azərbaycan Premyer Liqası çərçivəsində baş tutan görüşlərdə asanlıqla bilet əldə etmək olar. Lakin klubun Avropa oyunlarında bilet tapmaq müşkül məsələyə çevrilir. Azarkeşlər sosial şəbəkələrdə yazırlar ki, “iTicket” platforması vasitəsilə bilet əldə etmək üçün xeyli gözləməli olurlar. Bəzən isə bu proses bilet almadan başa çatır. Həmçinin elə sosial şəbəkələrdə əl altından biletlərin təklif olunması halları da müşahidə edilir.
Oxşar hal ötən gün – sentyabrın 25-də “Qarabağ”-“Kopenhagen” (Çempionlar Liqası, əsas mərhələ) oyununa biletlər satışa çıxarılan zaman da yaşanıb.
“Qarabağ” futbol klubunun mətbuat katibi Anar Hacıyev Yeniavaz.com-un məsələ ilə bağlı ünvanladığı sorğuya cavab verərkən bildirib ki, sözügedən oyununun biletlərinə azarkeşlərin göstərdiyi böyük maraq satışın ilk saatlarında veb və mobil tətbiqlərdə müəyyən sıxlığa səbəb olub:
“Qısa müddət ərzində problem aradan qaldırılıb və “iTicket.az” sistemi tam funksional şəkildə fəaliyyətini davam etdirib”.
Anar Hacıyev deyir ki, biletlərin satışı prosesi yalnız sözügedən portal üzərindən həyata keçirilir:
“Qara bazar”da satışın qarşısını almaq məqsədilə “iTicket” biletlərin satışında müəyyən dəyişikliklər edib. Belə ki, mobil tədbiq vasitəsilə alınan biletlər telefona QR kod şəklində gəlir və oyuna bir neçə saat qalmış aktivləşir”.
A.Hacıyev eyni zamanda, klubun “qara bazar” məsələsinin qarşısını almaq üçün daimi olaraq hüquq mühafizə orqanları ilə əməkdaşlıq etdiyini qeyd edib.
Narazılıq edilən digər məsələ isə “Qarabağ”ın oyunlarının azarkeş tutumu daha çox olan stadionlarda keçirilməməsi ilə bağlıdır. Məlumdur ki, Azərbaycanda azarkeş tutumu Tofiq Bəhramov adına Respublika stadionundan daha böyük olan yalnız bir arena var – Bakı Olimpiya Stadionu.
A.Hacıyev bu məsələyə də münasibət bildirib:
“Biz istədiyimiz vaxt, rahat şəkildə stadionu dəyişə bilmirik. Həm azarkeşlərimiz, həm də komanda üzvləri bu stadionda olmaqdan narazı deyillər. Belə bir söylənti var ki, “Qarabağ” bəzi oyunları Tofiq Bəhramov adına Respublika stadionunda, bəzi oyunları isə Olimpiya stadionunda keçirəcək. Bu xəbərlər həqiqəti əks etdirmir”.
Fəridə Əsədzadə