
ABŞ Prezidenti Donald Tramp “TikTok”un ABŞ-nin nəzarətinə keçməsi ilə bağlı sazişi təsdiqləyib.
Yeniavaz.com xəbər verir ki, Trampın bu barədə sərəncamı Ağ Evin saytında yerləşdirilib.
Sərəncamda qeyd edilir ki, ABŞ-də “TikTok” tətbiqi ölkədə yerləşən yeni yaradılmış birgə müəssisə tərəfindən idarə olunacaq.
Sərəncama əsasən, ABŞ vətəndaşları yeni qurumun “əsas payına və nəzarətinə” sahib olacaqlar.
“TikTok” ABŞ rəsmilərinin nəzarətində olacaq və heç bir xarici rəqib tərəfindən idarə edilməyəcək. Çünki sosial şəbəkənin əvvəlki sahibi “ByteDance Ltd.” və onun filialları onun səhmlərinin 20%-dən azına sahib olacaqlar.
“Yeni birgə müəssisə yeni direktorlar şurası tərəfindən idarə olunacaq və amerikalıların məlumatlarını və milli təhlükəsizliyini adekvat şəkildə qoruyan qaydalara tabe olacaq”, - Tramp qeyd edib.
Qeyd edək ki, Co Bayden ABŞ prezidenti kimi fəaliyyətinin son günlərində Çinin “TikTok” şirkətinin ABŞ-də bloklandığını elan edib. Bu barədə qərar yanvarın 19-dan qüvvəyə minib.
20 yanvar 2025-ci ildə Ağ Evə qayıtdıqdan sonra Tramp bu qərarı ləğv edib. Buna baxmayaraq, Tramp Baydenin sosial şəbəkə ilə bağlı siyasətini davam etdirib. Ancaq ilk mərhələdə Tramp “TikTok” şirkətinin yeni sahibinin müəyyənləşdirilməsi üçün möhlət verib. Çinlə danışıqlardan sonra Tramp möhləti dekabrın 16-dək uzadıb.
Sentyabrın 21-də Tramp “TikTok” müqaviləsinə dünyanın ikinci ən varlı adamı “Oracle”ın həmtəsisçisi Larri Ellison, həmçinin, “Dell”in baş direktoru Maykl Dell və Merdok ailəsinin nümayəndələrinin daxil olduğunu elan edib.