
Bakıda keçirilən Birinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində SOCAR ilə “Italiana Petroli S.p.A.” şirkəti arasında səhm alqı-satqısı Sazişinin imzalanma mərasimi keçirilib.
Yeniavaz.com xəbər verir ki, Sazişi SOCAR-ın prezidenti Rövşən Nəcəf və “Italiana Petroli S.p.A”nın İdarə Heyətinin sədri Uqo Braçetti Peretti imzalayıb.
Bildirilib ki, SOCAR İtaliyanın aparıcı enerji şirkətlərindən biri olan “Italiana Petroli S.p.A.” şirkətinin səhmlərinin 99,82%-nə sahib olacaq.
Qeyd edək ki, daha əvvəl “Reuters” SOCAR-ın bu səhmləri əldə etmək üçün təxminən 3 milyard dollar vəsait ödəyəcəyini açıqlamışdı. Həmçinin qeyd olunur ki, “Italiana Petroli S.p.A.” 1933-cü ildən fəaliyyət göstərir. Şirkət ölkə üzrə minlərlə yanacaqdoldurma məntəqəsinə, ildə təqribən 10 milyon ton emal gücünə malik iki neft emalı zavoduna, bitum, aviasiya yanacağı və sürtkü yağları kimi xüsusi məhsulların satışına və bütün ölkəni əhatə edən logistika sisteminə malikdir.

Elnur Əli