
Rusiya Moldovada keçirilən parlament seçkilərinə ölkənin Aİ-yə üzvlük yolunda davam etməsinə mane olan planla müdaxilə etməyə çalışır.
Yeniavaz.com xəbər verir ki, müvafiq sənədləri əldə edən “Bloomberg” bu gün, sentyabrın 22-də Rusiya Prezidenti Vladimir Putinin gizli planı haqqında yazıb.
Bu sənədlərə əsasən, Kremlin taktikasına xaricdə yaşayan moldovalı seçicilərə rüşvət vermək, dağıdıcı etirazlar təşkil etmək, sosial şəbəkələrdə genişmiqyaslı dezinformasiya kampaniyası aparmaq daxildir.
Moldovada parlament seçkiləri sentyabrın 28-də keçiriləcək.
“Bloomberg”in məlumatına görə, Kremldə təsdiqlənən çoxsəviyyəli strategiya prezident Maya Sandunun Fəaliyyət və Həmrəylik partiyasının qələbə şanslarını sarsıtmaq və onu hakimiyyətdən uzaqlaşdırmaq məqsədi daşıyır.
Nəşrin əldə etdiyi sənədə görə, Kremlin planının əsas aspektlərindən biri Moldovada rəqabətli seçkiqabağı kampaniya təəssüratı yaratmaqdır, baxmayaraq ki, reallıqda plan Sanduya dəstəyi azaltmağa yönəlib. Rusiya planı Moldova dövlət rəsmilərinə təzyiq göstərmək üçün kompromatlardan istifadəni, seçki günü və ondan sonra şiddətli təxribatlar təşkil etmək üçün idman klublarından gənclərin cəlb edilməsini və s. nəzərdə tutur.