Dövlət Xidməti tender keçirmədən Xocalıdakı evlərin təmirini bu şirkətə həvalə edib – Təfərrüat


Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti “Şinkar Holding” MMC (VÖEN – 1300059121) ilə satınalma müqaviləsi imzalayıb.
Yeniavaz.com
xəbər verir ki, müqavilə tender müsabiqəsisi keçirilmədən, bir mənbədən satınalma metodu əsasında imzalanıb.
Qeyd edək ki, “Şinkar Holding” Xidmətin sifarişi əsasında Xocalı şəhər inzibati ərazisində bir sıra fərdi yaşayış evlərinin təmir və yenidənqurulması işlərini həyata keçirəcək və qarşılığında 3 milyon 365 min 699 manat 84 qəpik alacaq.
Məlumat üçün bildirək ki, nizamnamə kapitalı 3 milyon manat olan “Şinkar Holding” MMC 2004-cü ildə dövlət qeydiyyatına alınıb. Hüquqi ünvanı Nərimanov rayonu Əhməd Rəcəbli 1, ev 3-də yerləşən MMC-nin qanuni təmsilçisi Mehdiyev Ələsgər Fərrux oğludur.
Məlumat üçün bildirək ki, bu müqavilə üzrə satınalma proseduru dövlət satınalmalarının vahid internet portalında keçirilməyib.
“Dövlət satınalmaları haqqında” Qanunun 15.1 maddəsində göstərilir ki, məxfi məlumatlar istisana olmaqla bütün dövlət satınalmaları yalnız portal vasitəsilə həyata keçirilir.
Qanunun tələblərindən də göründüyü kimi, Xocalı şəhər inzibati ərazisində bir sıra fərdi yaşayış evlərinin təmir və yenidənqurulması işləri məxfi məlumat hesab oluna bilməz. Bu səbəbdən də, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin satınalma prosesini bu şəkildə keçirməsi başa düşülən deyil.
Eyni zamanda müqavilənin hansı səbəbdən bir mənbədən satınalma metodu ilə imzalandığı da aydın deyil. Qanunun 49-cu maddəsində qeyd olunur ki, bir mənbədən satınalma metodu aşağıdakı hallarda tətbiq olunur:
 - Satınalma predmeti yalnız hər hansı konkret təchizatçıda olduqda;
- Satınalma predmetinin əvəzedicisi və alternativi olmadıqda;
- Satınalma predmetinə təcili tələbat yarandıqda;
- Təbii fəlakətlər, texnoloji qəzalar, epidemiyalar baş verdikdə və fövqəladə xarakter daşıyan digər hallarda bilavasitə insanların həyat və sağlamlığına vurulan ziyanın qarşısının təcili alınması məqsədilə;
- Satınalma predmeti kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətini təmin edən tələbata aid olduqda.
Onu da bildirək ki, çoxsaylı iri layihələrin icraçısı olan “Şinkar Holding”in veb-saytı qeyri-aktiv vəziyyətdədir. Şirkətin adı 2022-ci ildə ölüm hadisəsi ilə gündəmə gəlib. Mətbuatda yayılan məlumatlarda bildirilib ki, Aşağı Güzdək qəsəbəsi, Həzi Cavadov küçəsində yerləşən “Şinkar Holding” MMC-yə məxsus yük avtomobillərinin müvəqqəti dayanacağında 1976-ci il təvəllüdlü Nazim Babaverdi oğlu Abdulxalıqov təkər təmiri işləri aparan zaman sıxılmış havanın partlaması nəticəsində hadisə yerində ölüb.
“Şinkar Holding” MMC bu günə kimi yalnız 2 dövlət qurumu – Fövqəlada Hallar Nazirliyinin (FHN) və Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti ilə satınalma müqavilələri imzalayıb. Şirkət 2019-2024-cü illərdə FHN ilə 5 müqavilə imzalayıb. Ötən ilin dekabr ayından sonra isə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti ilə 11,2 milyon manat dəyərində 4 müqavilə bağlayıb. Bu müqavilələrin hamısı bir mənbədən satınalma metodu əsasında imzalanıb.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top