
“Volkswagen Group” “Porsche” elektrik avtomobilləri ilə bağlı problemlərə görə, bu il təxminən 6 milyard dollar itirəcək.
Yeniavaz.com xəbər verir ki, bu barədə məlumat “Volkswagen Group”un veb saytında öz əksini tapıb.
Belə ki, sentyabrın 20-də səhmlərinin əksəriyyəti “Volkswagen Group”a məxsus olan “Porsche” şirkəti bazar şərtlərinin onu elektrik avtomobillərinin yeni xəttinin planlaşdırılmış buraxılışından imtina etməyə məcbur etdiyini bildirib.
Buna görə də, şirkət elektromobillər üçün proqram platformasının hazırlanmasını qeyri-müəyyən tarixə qədər təxirə salmağı planlaşdırır. Bundan əlavə, “Porsche”nin əməliyyat marjası ortamüddətli perspektivdə 15-17%-dən 10-15%-ə qədər azalacaq.
“Volkswagen” həmçinin, idman avtomobilləri istehsalçısındakı səhmlərinin dəyərini 3 milyard avro (3,51 milyard dollar) azaldacaq.
Nəticədə, “Volkswagen Group”un bu maliyyə ili üçün əməliyyat mənfəəti 2,1 milyard avro (2,46 milyard dollar) azalacaq. Bununla da, şirkətin ümumi zərəri 5,1 milyard avroya (5,97 milyard dollar) çatacaq.