
Suriyanın müvəqqəti prezidenti Əhməd əl-Şaraa BMT Baş Assambleyasının 80-ci sessiyasında iştirak etmək üçün Vaşinqtona gəlib.
Yeniavaz.com “Suriya TV”yə istinadla xəbər verir ki, bu, Suriya prezidentinin 1967-ci ildən bəri ABŞ-yə ilk rəsmi səfəridir.
Telekanalın məlumatına görə, əl-Şaraanı dörd nazir müşayiət edir. Səfərin Suriya ilə ABŞ arasında diplomatik münasibətlərin bərpası, o cümlədən Suriyanın Vaşinqtonda səfirliyinin rəsmi açılışı məsələsini müzakirə etmək imkanı verəcəyi gözlənilir.
Sentyabrın 24-də əl-Şaraa BMT Baş Assambleyasında çıxış edəcək. “CBS News”un Ağ Ev müxbiri Cennifer Jakobs bildirib ki, sessiyadankənar ABŞ Prezidenti Donald Tramp və Suriya lideri arasında görüş üçün planlar hazırlanır.
Mayın 14-də Tramp Ər-Riyadda əl-Şaraa ilə danışıqlar aparıb. Amerika lideri Vaşinqtonun Dəməşqə qarşı on illərdir davam edən sanksiyaları ləğv etməyə başlayacağını açıqlayıb. İyulun 1-də o, Suriyaya qarşı birtərəfli sanksiyalar rejimini ləğv edən sərəncam imzalayıb.