
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT-nin müasir çağırışların öhdəsindən gələ bilməyəcəyinə inanaraq, islahatlara çağırıb.
Yeniavaz.com xəbər verir ki, o, BMT Baş Assambleyasında iştirak etmək üçün Nyu-Yorka yola düşməzdən əvvəl İstanbulda jurnalistlərin suallarını cavablandırarkən bunu deyib.
“Biz görürük ki, BMT-nin 80 il əvvəlki şərtləri əks etdirən hazırkı strukturu müasir vəzifələrini yerinə yetirmək üçün yetərli deyil. Humanitar böhranların həllini Təhlükəsizlik Şurasında veto hüququ olan ölkələrin öhdəsinə buraxmağa heç bir əsas yoxdur. Biz bunu ilk dəfə 12 il əvvəl BMT kürsüsündən bəyan edərək bildirmişik ki, dünya sözügedən 5 ölkədən böyükdür”, - deyə Ərdoğan bildirib.
O, Türkiyənin BMT-də islahatlara yönəlmiş səyləri həmişə dəstəklədiyini və bundan sonra da dəstəkləyəcəyini qeyd edib:
“Baş Assambleyada bəşəriyyətin vicdanını əks etdirən və bu problemlərin həllinə töhfə verən mövqeyimizi bir daha bəyan edəcəyəm. Çıxışımda Qəzza zolağında baş verən humanitar fəlakət və vəhşilikləri xüsusi qeyd edəcəyəm. Həmçinin Türkiyənin regionda sabitliyin bərqərar olması üçün göstərdiyi səylərə və beynəlxalq sülhün qorunmasına verdiyi töhfəyə də toxunacağıq”.