
Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla əldə edilən sülhün ölkəsinin tarixində tamamilə yeni mərhələ yaratdığını bəyan edib.
Yeniavaz.com Ermənistan mətbuatına istinadən xəbər verir ki, Paşinyan bunu sentyabrın 20-də Vətəndaş Müqaviləsi Partiyasının qurultayında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, bu sülh avqustun 8-də Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Ermənistan və Azərbaycan prezidentlərinin imzaladığı bəyannamə əsasında mümkün olub.
“8 avqust uzun bir prosesin kulminasiya nöqtəsi, zirvəsi oldu”, – Paşinyan qeyd edib.
Baş nazir vurğulayıb ki, son 1 il 7 ay ərzində Ermənistan-Azərbaycan sərhədində bir nəfər də olsun hərbçi həlak olmayıb və ya yaralanmayıb: “Müstəqillik əldə etdikdən sonra belə bir dövr yaşamamışdıq. Biz bunu qoruyub, 2 ilə, 3 ilə, 5 ilə, 50 ilə, 100 ilə və hətta 200 ilə çevirməliyik”.
“Bu gün qəbul edəcəyimiz qərarlar Ermənistanın qarşıdakı 100 ilini müəyyən edəcək”, – Paşinyan əlavə edib.